“Yaxın gələcəkdə Ermənistan–Azərbaycan sərhədinin daha bir hissəsi demarkasiya olunacaq. Bu prosesin gələn il ilk rübündə baş verə biləcəyi ehtimal olunur”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan brifinq zamanı bildirib.
«Deməliyəm ki, bəzi məsələlərdə biz, bəzi məsələlərdə isə Azərbaycan tərəfi tələsir. Amma proses davam edir və düşünürəm ki, yaxın gələcəkdə biz sərhədin daha bir hissəsini demarkasiya edəcəyik», — deyə o bildirib.
Amma konkret hansı ərazinin nəzərdə tutulduğunu açıqlamayıb.
O vurğulayıb ki, İrəvan Azərbaycan məhsullarının Ermənistan ərazisi vasitəsilə Naxçıvan və Türkiyəyə ixracı üçün imkan yaratmalıdır.
Simonyanın sözlərinə görə, bu məsələ ilə bağlı Bakı ilə müzakirələr davam edir və o istisna etmir ki, belə bir tranzit yaxın vaxtlarda mümkün olsun.
Spiker həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanla ticarət–iqtisadi əməkdaşlığa hazırdır və bu əməkdaşlıq yanacaq–enerji məhsullarının alınmasını da əhatə edə bilər:
“Ermənistanın alternativ enerji mənbələri nə qədər çox olsa, bir o qədər yaxşıdır”.
Simonyan sülh sazişinin imzalanma vaxtı ilə bağlı suala cavab verməkdə çətinlik çəkib.
Bizim.Media


























































































