Suriya bütün aspektlərdə Türkiyənin xarici siyasətinin prioritet mövzusu olaraq qalır.
Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında 2026-cı il üçün XİN-in büdcəsi ilə bağlı məruzə ilə çıxış edən danışıb.
“Türkiyə ABŞ və Avropa ölkələri ilə Suriyanın yeni hökuməti arasında konstruktiv münasibətlərin inkişafında vasitəçi rolunu oynadı. Sanksiyaların aradan qaldırılması prosesində də aktiv rol oynadıq. Dəməşqə aviareyslərin başlaması ilə Suriyanın xarici aləmə çıxışını təmin etdik.
Bütün bu səylərin nəticəsində hazırkı mərhələdə Suriyanın beynəlxalq ictimaiyyətə reinteqrasiyası istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub. Bu hadisələrin nəticəsi olaraq, 8 dekabr 2024-cü ildən bəri Türkiyədən öz ölkəsinə 550 mindən çox suriyalı qayıdıb”, deyə o, əlavə edib.
Nazirin sözlərinə görə, yaxın gələcəkdə Suriyanın ərazi bütövlüyü və birliyinin qorunması əsasında təhlükəsizliyin təmin edilməsi vacibdir:
“Bunun üçün ilk növbədə Suriya bütün terrorçu elementlərdən təmizlənməli və silahlı qruplar vahid ordunun bayrağı altında birləşdirilməlidir”. (Mənbə: Anadolu)
Bizim.Media































































































