Polis İrəvanda xarici vətəndaşların yaşadığı hoteldə baş vermiş quldurluq hadisəsinin şübhəlilərini saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə qeyd edir ki, oktyabrın 10-na keçən gecə polisə naməlum şəxslərin maska və polis formasına bənzər geyimdə Keri küçəsindəki hotelə basqın etməsi barədə məlumat daxil olub.
Hücum edənlər bir neçə otağa daxil olaraq, qonaqlara tapança ilə hədə-qorxu gəlib, pullarını və mobil telefonlarını ələ keçiriblər, daha sonra hadisə yerindən qaçıblar.
Əraziyə baxış zamanı hotelin yaxınlığında atılmış maskalar, əlcəklər, pnevmatik tapança və dörd mobil telefon aşkarlanıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polis hücumda iştirak etdiyi ehtimal edilən şəxsləri müəyyənləşdirərək saxlayıb.
İrəvan sakini olan 41 yaşlı şəxs və iki 38 yaşlı xarici vətəndaş ələ keçirilib.
Daha sonra Meğridən İrana keçməyə cəhd edən dörd nəfər saxlanılıb. İki digər şübhəlinin axtarışları davam edir.
Saxlanılan şəxslərdən oğurlanmış planşetlər, telefonlar və pul vəsaitləri götürülüb.
İstintaq hərəkətləri davam etdirilir.
Bizim.Media