Türkiyənin Samsun vilayətinin 19 Mays rayonunda yaşayan 58 yaşlı təqaüdçü imam Sadık Keskin, cəmi 5 ayda 30 kilo arıqlayaraq həm sağlamlığına qovuşub, həm də ətrafındakılara nümunə olub.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bir vaxtlar 150 kiloqrama yaxın çəkisi olan Keskin artıq çəkiləri səbəbindən yeriməkdə və ayaqüstə qalmaqda çətinlik çəkirdi.
Sağlamlıq problemləri artdıqca həyat keyfiyyəti də pisləşib. Lakin o, yaşam tərzini dəyişərək qısa zamanda böyük nəticə əldə edib.
"Artıq çəkim var idi. Üç gün əvvəl çəkimi ölçdüm, 30 kilo verdiyimi gördüm və çox sevindim.
Həyatımdan çörəyi və bütün şirniyyatları çıxardım, idmana başladım. İndi qan dəyərlərim düzəlib, rahat yeriyir və hətta qaça bilirəm," -deyə Keskin bildirib.
“Balığın da çox faydası var”
Uzun illər imamlıq etdikdən sonra təqaüdə çıxan Sadık Keskin son beş ildir bir balıqçıda çalışır.
O, balıq yeməyin arıqlama prosesində mühüm rol oynadığını deyir:
“Axşamlar işdən çıxanda balıq alıram. Həm yüngüldür, həm də sağlam. Balığın çox faydasını gördüm,” – deyə o qeyd edib.
“Su içmək və axşam yeməmək mənə kömək etdi”
Keskin gündəlik rejimindən də danışıb. O, səhərlər idman etdiyini, səhər yeməyində çörək yemədiyini, günorta salat və şorba ilə kifayətləndiyini, axşam isə saat 18:00-dan sonra heç nə yemədiyini bildirib. Bununla yanaşı, su qəbulunu artırdığını da vurğulayıb.
Bizim.Media