“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 9 oktyabrda imzalanan, 10476 saylı qərar əslində “yeni” deyil. Burada sadəcə 1982-ci ildə qəbul edilmiş, türk soylu əcnəbilərin Türkiyə ərazisində öz peşələrini sərbəst icra etməsinə imkan verən qanuna dəyişiklik nəzərdə tutulur”.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son sərəncamını Bizim.Media-ya şərh edən politoloq Aqil Məmmədov deyib.
O dəyişikliyin əsas məğzini izah edib:
““Türk soyluluğun müəyyən edilməsi” adlı yeni 2/A maddəsi əlavə olunur və bu qanunla yanaşı müvafiq əsasnamə (yönetmelik) üzrə kimlərin türk soylu sayılacağı bundan sonra birbaşa Prezident qərarı ilə müəyyən ediləcək. Deməli, yaxın vaxtlarda Prezident tərəfindən “türk soylu sayılma” meyarlarını müəyyən edən yeni qaydalar toplusunun qəbulunu gözləmək olar.
Böyük ehtimalla hökumətdə bununla bağlı işlər artıq gedir”.
Yeni qərar nəyi dəyişəcək?
Müsahibimiz hesab edir ki, ilk növbədə, türk soyluluğun müəyyən edilməsi üzrə vahid qaydalar və şərtlər toplusu formalaşacaq ki, bu da müxtəlif qurumların fərqli izahlarının qarşısını alacaq:
“Beləcə, vahid meyarlara cavab verən türk soylulara Türkiyə bazarına daxil olmaq, işləmək və peşələri ilə məşğul olmaq üçün icazə verilə biləcək. Lakin bu, o demək deyil ki, meyarlara cavab verən hər peşə sahibi avtomatik olaraq Türkiyədə işləyə biləcək.
Burada ikili mexanizm olacaq: türk soylu meyarlarına uyğunluqla yanaşı, şəxsin işinin “təmiz” olması (kriminal keçmişinin olmaması), Türkiyə ərazisində yaşamaq icazəsinin (oturum izni) mövcudluğu və dil biliklərinə sahib olması vacib şərt kimi müəyyən edilir. Məsələn, həkim türk soylu ola bilər, amma türk dilində danışa, yaza və anlaya bilmirsə, peşəsini sərbəst icra etməkdə çətinlik yaşayacaq.
Ümumiyyətlə, Türk Dövlətləri Təşkilatına daxil ölkələrin vətəndaşları özlərini bir-birinin ərazisində əcnəbi kimi hiss etməməlidirlər.
Bu gün biz Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər edə bilirik; yəni Bakıdan İstanbula demək olar ki, Bakıdan Gəncəyə gedən qədər rahat gedirik. Ancaq Türkiyə daxilində muzey, xəstəxana və digər xidmətlərdən istifadə edərkən çox vaxt “xarici vətəndaş” statusu ilə bağlı tələblərlə üzləşirik. Buna görə hesab edirəm ki, türk soyluluq bizim üçün əsas kimlik rolunu oynamalıdır və biz Türkiyədə, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda özümüzü Bakıda, Gəncədə, Naxçıvanda olduğu kimi rahat hiss etməliyik.
Eyni ilə qeyd etdiyim ölkələrin vətəndaşları da Bakıda, Gəncədə, Naxçıvanda öz şəhərlərindəki kimi davranıb xidmətlərdən istifadə edə bilməlidirlər”.
Aqil Məmmədov deyir ki, əgər biz böyük Türk birliyində maraqlıyıqsa, onda vətəndaşlarımızın bir-birinin ölkəsində təhsil, səhiyyə və turizm sahələrindən bərabər hüquqlarla istifadə etmək imkanı olmalıdır:
“Bu halda xalqlar vahid ideya və ideologiya ətrafında birləşərək böyük Türk Birliyinin möhkəmlənməsinə real töhfə verə bilərlər”.
Surxay Atakişiyev, Bizim.Media