Ermənistanda iki diaspor cinahı arasında hakimiyyət davası gedir - ARAŞDIRMA

Ermənistanda iki diaspor cinahı arasında hakimiyyət davası gedir - ARAŞDIRMA

Hazırda oxunan: Ermənistanda iki diaspor cinahı arasında hakimiyyət davası gedir - ARAŞDIRMA

3393

Dünya erməniliyi öz arasında müharibəyə başlayıb. Bu gün Ermənistandakı proseslər faktiki olaraq dünya erməniliyinin əli ilə tənzimlənir.

Paşiniyan rejiminin əvvəlindən zəif təməli və Qarabağ müharibəsi səbəbindən laxlaması xaricdə yaşayan milyarder ermənilərin əlinə əla fürsət verib. 

İndi Ermənistan bir neçə cinahda parçalanmış fəaliyyət göstərən erməni dasporunun poliqonudur. Hər kəs yaranmış fürsətdən istifadə edərək öz namizədini hakimiyyətə gətirmək və ölkənin sərvətlərindən faydalanmaq fikrindədir. 

Bu baxımdan Rusiyada fəaliyyət göstərən erməni milarderlər daha fəal görünürlər. Onlar var gücləri ilə ölkədə Rusiya yönümlü namizədin tapılmasına çalışırlar. Qarabağ savaşında Paşinyanın biabırçı məğlubiyyəti Rusiya meyilli diasporun əlini gücləndirib.

İndi xalqın gözündə hansı tərəfin daha faydalı olması üçün müxtəlif gedişlər olunur. 

İlkin olaraq vətəndaşların könlünü almaqdan ötrü Qərbdəki və Rusiyadakı biznesmenlər müxtəlif səbəblər altında yardımları çoxaltmağa başlayıblar. 

Son günlərdə Manoogian Simone Fondunun 3 mln, "Avrora” Humanitar Təşəbbüsünün həmtəsisçiləri Noubar Afeyan, Vartan Gregorian və Ruben Vardanyan isə 2 mln dollar həcmində yardım edəcəklərini açıqlayıblar. 



“Avrora” Humanitar Təşəbbüsü Dağlıq Qarabağda təkcə 2020-ci ildə hər biri 116.500 dollar həcmində olan 14 layihənin icraçısıdır. 

Erməni diasporu Ermənistandan niyə narazı düşmüşdü?

2018-ci ilə qədər Ermənistan hakimiyyəti ilə xaricdəki erməni diasporu arasında ciddi fikir ayrılığı müşahidə olunurdu. Erməni diasporu hakimiyytədə təmsil olunmağa və Ermənistanda söz sahibi olmağa can atırdı. Ermənistan hakimiyyəti isə hər vəchlə buna mane olmağa və diasporun Ermənistana təsir imkanlarını “humanitar” yardım miqyasında saxlamağa çalışırdı. 

Bu fəaliyyət Ter-Petrosyanın dövründə “Danaksütyunun” fəaliyyətinin ləğv edilməsi ilə başlanmışdı.

Daha sonrakı dövlərdə Robert Koçaryan və Serj Sarkiyanın hakimiyyəti dövründə diaspor ilə əlaqələr normallaşsa da, hakimiyyətə müdaxilə imkanları azaldılmışdı. 

"Hayestan" ümumerməni fondu 1992-ci ildə təsis edilib. Fondun əsas vəzifəsi Ermənistanda və Dağlıq Qarabağda "ümummilli layihələrin" həyata keçirilməsi və infrastrukturun inkişaf etdirilməsidir.

Ermənistan prezidentinin sədrlik etdiyi "Hayestan" fondunun qəyyumlar şurasına dünya erməni diasporunun nüfuzlu nümayəndələri daxildir. Göründüyü kimi, xaricdən gələn maliyyə resurslarına birbaşa Ermənistan prezidenti nəzarət edir və onun hansı istiqamətdə xərclənəcəyini müəyyənləşdirir.

2016-cı ilin Aprel döyüşlərindən sonra "Hayestan" ümumerməni fondunun növbəti 19-cu xeyriyyə telemarafonu nəticəsində təxminən 15 milyon 429 min dollar məbləğində ianə yığmağa müvəffəq olmuşdu. 



Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə həmin telemarafon zamanı 11,1 milyon dollar, 2017-ci ildə 12,5 milyon dollar, 2016-cı ildə 15,4 milyon dollar, 2008-ci ildə isə 35 milyon dollar yığılmışdı.

Ermənistana ayrılan vəsaitin get-gedə azalması xarici diaspor ilə Ermənistan hakimiyyəti arasındakı narazılığın olduğunu deməyə əsas verir.

Erməni fondlarındakı maliyyə talanı

Xaricdəki Erməni fondları və diaspor nümayəndələri maliyyə yardımlarını “Hayestan” ümum erməni fondu vasitəsilə həyata keçirirdi. Bütün maliyyə yardımları bu fondda toplanır və buradan lazımi sahələrə yönəldilirdi.

Dağlıq Qarabağ üçün nəzərdə tutulsa da, əsas xərclər yeni silahların alınmasına xərclənirdi. Qeyd edək ki, Ermənistan silahlı qüvvələri üçün ayrılan maliyyə vəsaitləri də “Heyastan” ümumerməni fondunun bank hesabına köçürülürdü. Bununla belə “Hayestan” fondunun adı dələduzluqda tez-tez hallanırdı. 

2018-ci ildə fonda rəhbərlik edən Ara Vartanyan dələduzluqda ittiham edilərək həbs olunur. Ara Vartanyan 2008-ci ildən etibarən fondun rəhbərliyini icra edirdi. İstintaq nəticəsində məlum olur ki, Ara Vartanyan “Hayestan” ümumerməni fondunda olan maliyyəni öz məqsədləri üçün istifadə edib.

Lakin görünən odur ki, Ara Vartanyan daha böyük miqyaslı mənimsəmənin qurbanı olmuş kiçik şəxslərdən biri idi. Erməni diasporundan gələn yardımların müxtəlif adlar altında mənimsənilməsi hakimiyyətlə diaspor arasında münasibətləri də ciddi ölçüdə zəiflədib.

Bunun nəticəsində yuxarıda qeyd etdiyimiz kimi 2008-ci ildən etibarən illik yardımın həcmi ciddi şəkildə azalmağa başlayıb. 

2019-cu ilin sonunda isə Ermənistanın Auditorlar Palatası “Hayestan” Ümumerməni Fondunun fəaliyyətində 190 min dollar məbləğində dələduzluq edildiyini aşkarlamışdı.

Erməni diasporu Qərb qanadı Paşinyanı necə istifadə edir?

Ara Vartanyanın həbs olunması və fondun fəaliyyətinin ciddi araşdırılmasının qərbpərəst hesab olunan Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra baş verməsi isə xüsusilə diqqət çəkir. Erməni mətbuatında dəfələrlə Paşinyan və onun komandasının xaricdən maliyyələşməsi ilə bağlı faktlara yer verilib. 



Paşinyanın hakimiyyəti dövründə isə xarici diasporun maliyyə yardımları yenidən artmağa başlayıb. 2020-ci ilin 5 oktyabr tarixində qədər “Hayestan” fonduna daxil olan ilkin maliyyənin həcmi 28 milyon 828 min dollar təşkil edib. 

Xarici diasporun və fondların Ermənistanda aktivləşməsi Nikol Paşinyanın apardığı siyasi xəttlə birbaşa olaraq bağlıdır.

Paşinyan ölkə daxilində rusmeyilli köhnə kadrları təmizləməklə, əslində xarici diasporunun Ermənistana müdaxiləsinə imkan verməyən qüvvələri neytrallaşdıb. 

Hər hansı daxili müqavimətin qalmadığı şəraitdə isə xarici diaspora Ermənistana birbaşa müdaxilə etmək və onu istədiyi kimi istiqamətləndirmək imkanı əldə edəcək. Görünən odur ki, Paşinyan xarici diaspora yönəlməklə Ermənistanın gələcək inkişafında və diplomatiya sahəsində onların gücündən istifadə etməyi hədəfləyib. 

Əslində isə ciddi maliyyə gücü qarşısında Paşinyan Ermənistanı xarici diaspor tərəfindən idarə olunan marionetə çevrilmiş olur. Ölkədəki hazırkı qarşıdurmalar da əslində dünya erməniliyindəki fikir ayrılığı və diasporlar arası müharibədir desək, yanılmarıq.

Qarşıdakı bir neçə ildə Ermənistan “çox maraqlı” olacaq!

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO