Ermənistanda seçkilər: Fırtınadan öncəki “sükut günü”

Ermənistanda seçkilər: Fırtınadan öncəki “sükut günü”

Hazırda oxunan: Ermənistanda seçkilər: Fırtınadan öncəki “sükut günü”

25405

Bu gün - 19 iyun Ermənistanda son parlament seçkilərindən öncəki “sükut günü” hesab olunur. Qeyd edək ki, Ermənistan qanunvericiliyinə görə seçkilərdən bir gün əvvəl təbliğat-təşviqat kampaniyalarının aparılması və sorğuların nəticələri haqda açıqlamaların verilməsi qadağandır. Bu səbəbdən bütün gün ərzində ölkə siyasi arenasında sakitlik hökm sürəcək.

Sükutdan öncəki fırtına

Ölkədəki son siyasi proseslərə nəzər saldıqda, bu seçimlərin ölkə tarixində misligörülməmiş miqyasda olduğuna şahid ola bilərik. Xüsusilə də, 44 günlük müharibədə məğlubiyyətin ardından 30 illik “Artsax”larını itirən erməni xalqı arasında xaosun yatışmadığı bir vaxtda, bu cür sərt mübarizənin getdiyi seçki kampaniyası ölkədə gərginliyi pik həddə çatdırmağı bacarıb. 

Artıq Ermənistan gündəmində parlament seçkilərindən başqa heç bir mövzu yoxdur. Yəqin ki, bu barədə danışmayan insan da. Bu səbəbdən seçimlərdə vətəndaşların böyük bir hissəsinin iştirak edəcəyi güman olunur. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan seçkilərində kim QALİB gələcək? – Azərbaycanlıların RƏYİ – SİYAHI


Mövcud vəziyyət 2008-ci il seçkilərini xatırladır

İndiki durumda isə Ermənistanda böyük iğtişaşlarla nəticələnən 2008-ci ilin fevralında keçirilmiş prezident seçkilərini xatırlatmaq yerinə düşərdi. Qeyd edək ki, o dövrdə namizədlər arasında gedən rəqabət indiki kimi ölüm-qalım mübarizəsi olmasa belə, qarşıdurmalar uzun müddət səngimədi.

Lakin indiki seçkilərdə vəziyyət daha fərqlidir. Artıq Ermənistanda əsas müzakirə mövzusu digər ölkələrdə olduğu kimi sosial-iqtisadi məsələlər deyil, Qarabağın aqibəti və ölkənin gələcəkdə kimin ətəyindən yapışacağıdır.

Qarabağ məğlubiyyətindən dərs çıxarıb, yeni gələcəyə baxanların “Artsax” deyib keçmiş günlərinə ağlayanların, eyni zamanda dünyaya inteqrasiyanı dəstəkləyənlərə Rusiyanın Cənubi Qafqaz bazası olmağa davam etmək istəyənlərin qarşı-qarşıya gələcəyi seçkilərdə bir-birinə zidd iki qütbün mübarizəsi sonunda qalibin kim olacağı ölkənin gələcəyinin necə olacağını da aydınlaşdıracaq. 

Bəs, bu qədər insanın aktivliyi seçkilərdən sonra birdən-birə sönəcəkmi?

Bu sualın cavabı, yəqin ki, “xeyr” olardı. Çünki seçimöncəsi müddətdə namizədlərin bir-birini təhqir və təhdid etməkdən çəkinməməsi, “Qara PR” kampaniyası aparması və xəyanət ittihamları bir an olsun səngimədi. Eyni zamanda diasporanın, kilsənin, iş adamlarının, ordu mənsublarının, hətta mafiya klanlarının işə qarışması onsuzda böyük olan yanğını daha da alovlandırır.

Daha bir qarşıdurma və vətəndaş müharibəsi 

Bəli, Ermənistanda vətəndaş müharibəsinin baş verməsi ehtimalı heç də az deyil. Çünki ordu içərisində də böyük parçalanmalar var. Ölkə təhlükəsizliyini qorumaqla vəzifələndirilən ordu generallarının başı öz işlərindən daha çox seçkilərlə bağlı fikirlər səsləndirməyə qarışıb. Onların səsləri isə daha çox Köçəryan tərəfdən gəlməkdədir. Hakimiyyətdən uzun illər öncə getsə belə Birinci Qarabağ Müharibəsi “qəhrəmanı” ordudakı nüfuzunu hələ də saxlamaqdadır. Bu vəziyyət isə, Paşinyanın qələbəsi durumunda Ermənistanda silahların işə düşəcəyinə inamı daha da artırır.

Sonda isə onu deyə bilərik ki, Ermənistanın görəcəyi qara günlər hələ qabaqdadır

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO