İran Prezidenti Məsud Pezeşkian Məhsa Əmininin həbsdə ölümünün ikinci ildönümünə təsadüf edən ilk mətbuat konfransında çıxış edərək, əxlaq polisinin qadınları narahat etməməsi üçün öz səlahiyyətlərindən istifadə edəcəyinə söz verib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, İranın dövlət başçısı deyib: “Əxlaq polisi (qadınlarla) üz-üzə gəlməməli idi. Mən onların fəaliyyətini izləyəcəyəm ki, qadınlar narahat olmasınlar”.
Hicabsız gəzdiyinə görə əxlaq polisi tərəfindən saxlanılan və həbsxanada həyatını itirən Məhsa Əmininin ölümü İranda aylarla davam edən etirazlara səbəb olmuşdu. İğtişaşlarda onlarla təhlükəsizlik əməkdaşı da daxil olmaqla yüzlərlə adam həyatını itirmiş, minlərlə iranlı həbs edilmişdi.
Pezeşkian özünün seçkiqabağı kampaniyasında polis nəzarətində məcburi hicabın tətbiqinə qarşı çıxacağına, eləcə də uzun müddətdir davam edən internet məhdudiyyətlərinin yumşaldılması ilə bağlı tədbirlər görəcəyinə söz vermişdi. İran illər ərzində internetdən istifadəni ciddi şəkildə nəzarətdə saxlayır, feysbuk və “X” kimi məşhur sosial media platformalarını məhdudlaşdırır.
Daha sərt məhdudiyyətlər 2019-cu ildə yanacağın qiymətinin qalxmasına qarşı etirazlardan sonra və Məhsa Əmininin ölümü ilə başlayan nümayişlər dalğası zamanı tətbiq edilmişdi. Pezeşkian mətbuat konfransında hökumətin onlayn, xüsusən də sosial mediada məhdudiyyətləri yüngülləşdirməyə çalışdığını da qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
13:32 / 17.09.2024
İranda əxlaq polisi qadınları daha narahat etməyəcək? - Pezeşkian söz verib
Hazırda oxunan: İranda əxlaq polisi qadınları daha narahat etməyəcək? - Pezeşkian söz verib
Hazırda oxunan: İranda əxlaq polisi qadınları daha narahat etməyəcək? - Pezeşkian söz verib
211841
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.