Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti süjet hazırlanıb.
Bizim.Media xəbər verir ki, süjetdə bu il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində delimitasiya komissiyasının iclasında müzakirə olunan məsələlərdən Ermənistan ictimaiyyətinin narahatlığına, yazıçı Vaham Sahakyanın erməniləri gülünc ideyaları təbliğ etməməyə çağırmasına yer verilir.
Yazıçının sözlərinə görə, dünyada cəmi 200 min erməni var:
“Mənim həyətimdə yaşayanlar ermənilər deyil, əsl hinduslardır. Bütün İrəvan hindlilərlə doludur. “Youtube”da ermənilər kanallar açıb orada axmaq fikirləri paylaşırlar. Hər zaman Azərbaycan və Türkiyə haqqında sərsəm şeylər danışırlar. “Böyük Ermənistan” sayaqlaması axırda erməniləri vətənsiz qoyacaq”.
Qeyd olunur ki, indi barışıq və sülh istəyənlərin sayı artmaqdadır və bu əhval əsasən Azərbaycanla sərhəd kəndlərdə daha qabarıqdır. İllərdir qanunsuz şəkildə Azərbaycan ərazisindən otlaq, əkin yeri kimi istifadə edən sakinlər gələcəkləri haqqında nə düşündüklərini bilmək üçün jurnalistlər Qazaxla sərhəd ərazilərdə olublar.
Onların araşdırmasına əsasən, bu məsələ ilə bağlı danışıqlar xəbəri ermənilərdə hiddət yaradıb, müxalif düşüncəli şəxslərin ciddi narahat olduqları bəlli olur:
“Əminəm ki, onlar həm sərhədlərin delimitasiyası məsələsini, həm də Azərbaycan anklavları mövzusunu müzakirə ediblər. Azərbaycan deyir ki, onların anklavları 30 ildir Ermənistanın işğalı altındadır və Ermənistan təzminat ödəməlidir.
Qarabağı itirəndən sonra mübarizə məntiqimiz dəyişdi. İndi öz ləyaqətimiz üçün mübarizə aparırıq. Vətənimi Azərbaycan ərazisi sayan adamın dövlət başçısı olmaq haqqı yoxdur. Nikol Paşinyanı nəzərdə tuturam. Belə adam özünü erməni saymamalıdır, bu hakimiyyət tam şəkildə sərt qanunlarla cəzalandırılmalıdır. Onu hakimiyyətdən məhrum etmək üçün əlimizdən gələni etməliyik.
İndi sülh içində yaşamaq mümkün olmayacaq, yaralarımız hələ təzədir və hələ sağalmayıb, Azərbaycan qalib ölkədir, azərbaycanlılarla yan-yana yaşamaq çox çətin olacaq, buna zaman lazımdır”.
Sonda vurğulanır ki, erməni ictimaiyyəti Azərbaycanla sülhə hələ hazır deyil:
“Buna imkan verməyən əsas səbəbkarlar kilsə xadimləri, xaricdə oturub pul buraxan diaspor liderləri və beyni zəhərlənmiş siyasətçi, ictimai xadimlərdir. Ancaq ermənilər arasında Azərbaycanla sülh olmasa inkişafdan geri düşəcəklərini düşünənlər də var. Ermənistanın dövlət kimi mövcudluğunu istəyən hər kəs təcili Azərbaycanla sülh bağlamağı, anklavları dinc yolla qaytarmağı, öz vətənindən qovulan Qərbi azərbaycanlıların hüquqlarının bərpası və öz doğma torpaqlarına qayıdışına çalışmalıdr”.
Bizim.Media