Xəbər verdiyimiz kimi, Ermənistan ötən cümə günü Azərbaycanla sərhəddə, daha dəqiqi Kəlbəcər istiqamətində növbəti təxribata əl atıb.
Belə ki, dünən Ermənistan ordusu Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini atəşə tutub. Sərhəddə baş verən atışma nəticəsində Ermənistan tərəfi dörd hərbçisinin həlak olduğunu, Azərbaycan Müdafiə Nazirliyi isə üç hərbi qulluqçusunun yaralandığını bildirir.
Onu da qeyd edək ki, Ermənistanın sərhəddə həyata keçirdiyi bu təxribat Ağdam-Xankəndi yolu ilə Qarabağa humanitar yük göndərilməsi məsələsinin gündəmdə olduğu bir vaxta təsadüf edir. Hansı ki, “humanitar böhran”la üz-üzə qaldıqlarını iddia edən ermənilər, buna rəğmən Ağdamdan göndərilən yükü nədənsə qəbul etmirlər. Əvəzində, sərhəddə təxribata əl ataraq, gərginliyin daha da artmasına çalışırlar.
Digər tərəfdən Ermənistan və Fransanın Laçın yolu ilə Xankəndinə “yardım göndərmək” üçün qurduğu oyun da davam edir. Belə olan halda, son təxribatların səbəb nə idi?
MÖVZÜ İLƏ BAĞLI:
Almaniya televiziyası Laçın yolu ilə bağlı erməni yalanlarını İFŞA ETDİ – VİDEO
Bizim.Media-ya açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bildirir ki, yaranmış durumda Ermənistanın sərhəddə təxribatlara əl atması Azərbaycana təzyiq etmək məqsədi daşıyır:
“Qarabağ erməniləri arasında humanitar vəziyyətlə bağlı Ermənistan və onu dəstəkləyən xarici dairələr artıq ay yarımdan çoxdur ki, böyük informasiya kampaniyası aparır. Bu informasiya kampaniyasında kulminasiya nöqtəsi isə artıq keçib.
Kulminasiya nöqtəsi məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması oldu ki, burada da Azərbaycanın haqlı mövqeyi dəstəkləndi. Ermənistanın uydurma yalanları isə baş tutmadı.
Belə olan halda məsələni yenidən gündəmə atmaq və yeni kontentin formalaşması istiqamətində ermənilər tərəfindən vaxtaşırı təxribatlar törədilir ki, Qarabağdakı ermənilərin vəziyyəti və Ermənistanın təhlükəsizliyi məsələsi informasiya məkanında öz yerini tapsın.
Ona görə də ermənilər belə təxribatlara gedirlər ki, bununla Azərbaycana təzyiq etsinlər. Amma düşmən tərəfinin bu cəhdləri də yersizdir. Azərbaycan kimin nə deməsi və nə istəməsindən asılı olmayaraq, öz mövqeyində qətidir. Heç kim ölkəmizi tutduğu doğru və haqlı mövqeyindən çəkindirə bilməz”.
Rüfət Sultan, Bizim.Media