Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə edilən hücum nəticəsində diplomatik korpusun mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, 43 yaşlı Əsgərov Orxan Rizvan oğlunun rütbəsi baş leytenant olub.
Şəhidin 2 övladı, bir oğlu və bir qızı var idi.
Qeyd edək ki, bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinin binasına silahlı hücum edilib. Hadisə nəticəsində səfirliyin bir əməkdaşı ölüb, iki nəfər isə yaralanıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və yaralılar var - VİDEO
Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Murad Əhmədov, Bizim.Media