Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azərbaycan-Ermənistan danışıqları ilə bağlı son fikirləri geniş müzakirələrə səbəb olub. Belə ki, TRT Dünya Forumuna qatılan Klaar tviter hesabında yazdığı açıqlamada Türkiyənin danışıqlar prosesində mümkün iştirakından söz açıb.
Klaar qeyd edib ki, Türkiyənin Azərbaycanla Ermənistan münasibətlərinin həlli üçün çoxlu təklifləri var.
Bəs, Türkiyənin danışıqlarda vasitəçi kimi iştirak etməsi nə dərəcədə realdır?
Sözügedən ehtimalı Bizim.Media üçün dəyərləndirən politoloq Ramiyə Məmmədova qeyd edib ki, Türkiyənin Azərbaycanla münasibətləri Şuşa Bəyannaməsindən sonra ən yüksək həddə çatıb:
MÖVZU İLƏ BAĞLI:
“Rusiya Azərbaycan-Ermənistan dialoquna maneə törədir” – İdeal vasitəçi kim ola bilər?
“Eyni zamanda Türkiyə 44 günlük müharibədə Azərbaycanın ən böyük dəstəkçisi oldu. Bu gün Türkiyənin danışıqlarla bağlı təkliflər irəli sürməyə tamamilə haqqı çatır. Sadəcə, Türkiyə bu təklifləri indiyədək də verirdi. Lakin onlar bir çox dairələr tərəfindən qəbul edilmirdi. Ona görə ki, Rusiyanın danışıqlar prosesində daha qabarıq rola malikdir. Eyni zamanda sülhməramlıların Qarabağda olması, Moskvanın manevr imkanlarını artırır.
Bundan əlavə Azərbaycan da uzun müddət sülhməramlılar məsələsində daha balanslı mövqe nümayiş etdirib, problemləri özü həll etməyə çalışırdı.
Lakin indi görürük ki, sülhməramlıların orda olması Rusiyanın istədiyini etmək imkanını yaradır. Problemlər tam həllini tapıb, sülh müqaviləsi imzalanmamış Moskvanın təsir imkanları da öz gücünü qoruyacaq.
Elə sülh müqaviləsinin hələ də imzalanmamasının səbəbi də Rusiyanın regionda mövcudluğudur. Sülhməramlılar isə, bu gün separatçılara daha çox yardım edirlər”.
Müsahibimizin sözlərinə görə, Türkiyənin Qarabağla bağlı proseslərə fəal müdaxiləsi Rusiya tərəfindən qəbulolunan deyil:
“Ancaq Avropa İttifaqı və ABŞ-ın da Türkiyəyə münasibəti elə də loyal deyil. Ona görə, Qərbdən də Türkiyəyə bu məsələdə ciddi dəstək gəlmir. Baxmayaraq ki, Ukraynadakı müharibə səbəbindən Rusiya təklənmiş vəziyyətdədir, lakin yenə də Moskvanın beynəlxalq arenada tərəfdaşları var. Türkiyə də Rusiya ilə əməkdaşlığını davam etdirən ölkələrdən biridir. Ona görə də, Ankaranın Azərbaycan-Ermənistan danışıqları ilə bağlı təkliflərinə Rusiya tamamilə “yox” deməyəcək.
Amma istənilən halda Rusiya özünü Cənubi Qafqazda əsas oyunçu kimi görür və bu, həqiqətən də belədir. Digər tərəfdən Qərb də hələlik regiondakı proseslərə tam daxil ola bilmir. Azərbaycan da bunu istəmir. Xüsusən də, Fransanın davranışları və Aİ-nin ikili standartları fonunda”.
Ramiyə Məmmədova qeyd edib ki, regionda sülhün təmin olunmasına maraqlı tərəflər olsa da, Rusiya faktoru buna maneə törədir:
“Baxmayaraq ki, Türkiyə bu gün Rusiyanın ən yaxın tərəfdaşıdır, amma yenə də rəsmi Ankaranın proseslərə tam daxil olmasına Kreml imkan verməz. Ermənistan isə bu məsələdən qorxur. Rəsmi İrəvan istəməz ki, Türkiyə danışıqlarda aparıcı rol alsın. Doğrudur, Ermənistanın hazırki iqtisadi vəziyyəti Türkiyə ilə yaxınlaşmanı zəruri edir. Lakin yenə də xarici təsirlər, İrəvana bu istiqamətdə addımlar atmağa mane olur”.
Murad Əhmədov, Bizim.Media