“Ermənistan Azərbaycan arasındakı problemin Cənub Qaz Dəhlizi layihəsinə heç bir mənfi təsiri olmayacaq. İndi iki ölkə arasındakı münasibətlər tam fərqli müstəvidə və daha stabildir”.
Bu fikirləri mərkəzi ofisi Vaşinqtonda yerləşən “Caspian Policy Center”in təşkil etdiyi onlayn konfransda Dövlət Neft Şirkətinin Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.
O bildirib ki, Azərbaycan bundan əvvəl də öz ərazisindən keçən beynəlxalq enerji marşurutlarının qarantı kimi çıxış edib və bu vəzifəsinin öhdəsindən uğurla gəlib:
“Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və digər kəmər və yollar, qatar xətləri Ermənistanla Azərbaycan sərhəddinə yaxın ərazidədir. Azərbaycan illərdir bunların təhlükəsizliyini təmin edir, bundan sonra da edəcək”.
Elşad Nəsirov çıxışında onu da qeyd edib ki, istisnasız ən yaxşı mühafizə sülhdür.
O, Azərbaycanla sülhün Ermənistana xeyir verəcəyinə, erməni xalqının bu sülhdən faydalanacağına və beynəlxalq layihələrdə iştirak etmək imkanını qazanacağına ümid etdiyini bildirib.
Elşad Nəsirov onu da vurğulayıb ki, 2020-ci il Azərbaycan xalqının tarixinə qələbə ili kimi yazıldı. İlin tam sonunda Cənub Qaz Dəhlizi layihəsinin işə düşməsi bu uğurun nöqtəsini qoydu. Avropanın qazla təminatının əsas hissəsi olacaq:
''Layihədə Türkiyənin rolu çox böyükdür. İstər Türkiyənin ərazi cəhətdən böyük yer tutması, istər layihəyə verdiyi dəstək danılmazdır. Türkiyə bu Qaz dəhlizinin reallaşmasında əsas açar ölkə oldu. Bu kəmərdən isə bütün Avropa faydalanacaq''.
''İtaliya, Albaniya, Balkan ölkələri, elə İsrailin özü də bəhrəsini görəcək. Türkmənistanın Avropa bazarına çıxmasında da bu kəmərin böyük əhəmiyyəti var. İllər keçdikcə daha çox ölkə bu layihədən faydalanacaq. Bu dostluq, əməkdaşlıq, sülh dəhlizi olacaq''.
Xatırladaq ki, “Caspian Policy Center”in təşkil etdiyi onlayn konfrans onlayn formada keçirilib.
Konfransda ABŞ-ın Azərbaycandkı keçmiş səfirləri Robert Sekuta, Riçard Morningstar, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, “BP America”nın Beynəlxalq Əlaqələr üzrə rəhbəri Robert Şer və bir çox diplomatik korpus rəhbərləri iştirak ediblər.
Vüqar Ağamalıoğlu, Bizim.Media