"Dəmir kimi əsgər" düşmən avtomobilini necə partlatdı? - Komandirləri danışdı – FOTO/VİDEO

Hazırda oxunan: "Dəmir kimi əsgər" düşmən avtomobilini necə partlatdı? - Komandirləri danışdı – FOTO/VİDEO

99625

Vətən Müharibəsi şəhidi Rəvan Şahmuradovun ötən gün keçirilən  anım mərasimində çox təsirli anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, Xaçmazın Şərifoba kənd qəbriistanlığında 21 yaşında Vətənin müdafiəsi uğrunda həyatından keçən Rəvan Şahmuradovun məzarı başına yığışanlar arasında doğmaları, sakinlər, şəhid ailələri və qazilər, RİH-in nümayəndələri ilə yanaşı, onun hərbi xidmətdə və müharibədə komandurləri olmuş hərbçilər də vardı. Onlar Vətən Müharibəsində topçu kimi düşmənə  qan uddurmuş  əsgər Rəvan Şahmuradov  haqda xatirələrini ağızdolusu və iftixarla  danışıblar.

Vətən savaşında Rəvanın xidmət göstərdiyi hərbi hissədə tabor komandiri olmuş mayor Zaur Quliyev xaçmazlı Rəvanın olduqca tərbiyəli, dözümlü, möhkəm  əsgər olduğunu deyib: 

"2019-cu ildən Rəvan  mənim taborumda qulluq edirdi. Çox möhkəm oğlan  idi, heç bir  çətinlikdən qorxmazdı, gördüyü işdən də zövq alardı. Mən ona "sən dəmir kimi əsgərsən" deyirdim. Bütün çətin tapşırıqlara Rəvanla gedirdim. O, bizim yadımızda düşmən avtomobilini  məhv etməsi ilə də qalıb. Çox qoçaq idi."

Hərbi xidməti və müharibə zamanı qulluq etdiyi hərbi hissənin komandiri olmuş, hazırda Müdafiə Nazirliyinin yüksək çinli əməkdaşı polkovnik Gülməmməd Rzayev müharibədə əsgər Rəvanın düşmən avtomobilini partlatmasından danışıb: 
"Mən komando-müşahidə məntəqəsindən ərazini müşahidə edirdim. Maşın gedirdi, bir də gördüm maşın yoxdu, gördüm tüstü çıxır. Mənə məruzə etdilər. “Təşəkkür edin” dedim şəxsi heyətə. Hər adamın işi deyildi hərəkətdə olan avtomobili  koordinatlar əsasında, görmədən məhv etmək".

Mayor Zaur Quliyev belə bir qoçaq əsgəri olmuş Rəvanı ömrü boyu unutmayacağını deyib. O, əsgərin  valideynlərinə belə bir igid oğul böyütdüyü üçün təşəkkür edib.

Çıxışında polkovnik Gülməmməd Rzayev müharibədə rastlaşdığı bir təsirli hadisədən də  danışaraq ordu-xalq birliyinə bir ibrətamiz nümunə çəkib: 

"Bir bağlama aldım cəbhədə. Bir bacımız özünün cehizlik yorğan-döşəyini bizə yollamışdı. Yazmışdı ki, qardaşlarıma göndərirəm, mən sonra özümə yorğan -döşək düzəldərəm. Qoy əsgər qardaşlarım soyuq yerdə üşüməsinlər, bu yorğanların üstündə yatsınlar. Baxın, biz  həm də xalqın  olan inamı, hörməti sayəsində biz qabağa getdik, irəlilədik. Qələbə çaldıq".

Vətən Müharibəsi şəhidi Rəvan Şahmuradovun valideynləri göstərilən  diqqətə görə oğullarının komandirlərinə və Ali Baş Komandan İlham Əliyevə  təşəkkür ediblər.

Qeyd edək ki, Vətən Müharibəsində Füzuli ətrafında gedən döyüşlərdə oktyabrın 15-də şəhidliyə ucalan Rəvan Şahmuradovun nümunəvi xidməti və bacarığı ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən  3-cü  dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda ", "Füzulinin azad olunmasına görə" medalları ilə qiymətləndirilib.

Şəhid Rəvan Şahmuradovun anım mərasimindən xaçmazlı bloger Osman İmamovun Bizim.Media-ya  göndərdiyi video və fotoları təqdim edirik.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO