Yunan səfirinin azərbaycanlı xanımı: “Evdə mütləq ehtiyat düşbərə olmalıdır...” – ÖZƏL MÜSAHİBƏ

Yunan səfirinin azərbaycanlı xanımı: “Evdə mütləq ehtiyat düşbərə olmalıdır...” – ÖZƏL MÜSAHİBƏ

Hazırda oxunan: Yunan səfirinin azərbaycanlı xanımı: “Evdə mütləq ehtiyat düşbərə olmalıdır...” – ÖZƏL MÜSAHİBƏ

98080

“Yunanıstanın Azərbaycandakı səfiri səhərlər Azərbaycan çayı içməyi çox sevir və  onu həmişə dostlarına hədiyyə kimi Yunanıstana aparır. Səfir həmçinin evdə ehtiyat düşbərə olmasını əsas şərt kimi qoyur”.

Bu sözləri Bizim.Media-ya verdiyi müsahibədə Yunanıstanın Azərbaycandakı səfiri Nikos Piperiqosun azərbaycanlı xanımı Səidə Mehdiyeva söyləyib. Səidə xanımla geniş müsahibəni diqqətinizə təqdim edirik:

- Səidə xanım, Azərbaycanda Yunan dili üzrə aparıcı tərcüməçi mütəxəsis sayılırsınız. Yunanstana, onun dilinə olan  marağınız necə baş verib? 

- Əvvəla, mən bilavasitə yunan dili ilə, eləcə də, bütün yunan mədəniyyəti ilə bağlıyam. Belə ki, əslən lahıclı olan babam Bakıda yunan qadını ilə evlənib. Bizdə uşaqlıqdan evdə yunan ab-havası, Azərbaycan üçün hər zaman normal hesab edilən adət-ənənələr və mədəniyyətlərin bir-birinə qarışması halı yaşanıb. Ailəmizdə hər iki milli dəyərə hörmət və ehtiram başlıca şərt olub.
Akademik olaraq yunan dilini zamanla  öyrənməyə başladım. Bakıda filologiya ixtisası üzrə magistratura pilləsini bitirdikdən dərhal sonra Afina Universitetində dil və mədəniyyət təhsili proqramına, ardınca Yunanıııstanın Saloniki Aristotel Universitetində və oradakı Pedaqoji Universitetdə bir çox proqramlara getdim. Proqramları əsas işimlə birləşdirdim. O zaman Bakı Slavyan Universitetindəki rektor, akademik Kamal Abdullanın təşəbbüsü ilə Yunanıstan, Çexiya, Polşa, Bolqarıstan və s. kafedralar açıldı və mən orada işləməyə başladım.

Universitetlərdə, Azərbaycan Dillər Universiteti, eləcə də BDU-nun Tarix fakültəsinin Magistratura şöbəsində yunan dilindən dərs dediyim zaman uzun illərin təcrübəsi mənə dilin bütün incəliklərini dərindən öyrənməyə imkan verdi. Yunan dili sivilizasiyanın beşiklərindən biridir. Məhz bu dildə insan cəmiyyətin birgəyaşayışını təmin edən hüquq sistemi yaratmağa çalışdı və beləliklə, dünyada ilk dəfə məhz bu dildə “Demokratiya” sözü yarandı. İlk dəfə məhz yunan dilində insan fəlsəfə, elm və incəsənəti inkişaf etdirdi. Yunan dili bir vaxtlar Avropa və Asiyanın əsas dillərindən biri idi. Qədim dövrlərdən başlayaraq uzun əsrlər boyu insan ancaq Ellada dilini mükəmməl bildiyi halda savadlı sayıla bilərdi. Avropanın ən zəngin ədəbi ənənəsinə malik, dünyanın ən qədim yazılı dillərindən biri olan yunan dili, demək olar ki, bütün Avropa dillərinə, onların vasitəsilə isə bir çox dillərə birbaşa və dolayı yolla təsir göstərmiş və göstərməkdə davam edir. 

- Hazırda bu sahə üzrə Azərbaycan Dillər Universitetində müəllim kimi çalışırsınız. Yunan dilinə maraq göstərən tələbələriniz çoxdur?

- Bakı Slavyan Universitetində yunan (müasir yunan) dilini öyrənən tələbələr iki fakültədə təhsil alırlar: Tərcümə , Beynəlxalq Münasibətlər və Regionşünaslıq. Hər il bu fakültələrə orta hesabla 10-15 nəfər daxil olur. Azərbaycan Dillər Universitetinin Balkanşünaslığın tələbələri, həmçinin Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsində ikinci xarici dil kimi yunan dilini öyrənirlər.

Bu il qəbul olan tələbələrin sayı 10 nəfərdir. Bu dilə həmişə maraq var və onu öyrənmək prosesində tələbələr özləri də yunan dilinin digər dillərin inkişafındakı roluna heyran olurlar. 2004-cü ildən Bakı Slavyan Universitetində Yunan Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Hazırda isə Dillər Universitetində analoji mərkəzi açmağa hazırlaşırıq.

- Səidə xanım, bizdə olan məlumata görə həmçinin Yunan mənşəli Azərbaycan sözləri lüğəti üzərində işləyirsiniz. Dilimizdə yunan mənşəli çox söz var?

- Hal-hazırda kəmiyyət haqqında danışmaq mənim üçün çətindir, çünki lüğət üzərində iş cəmi 30% tamamlanıb və hələ də proses gedir, lakin həcm baxımından yaxşı bir nəşr gözləmək olar. Söhbət tamamilə fərqli peşəkar sahələrdən olan sözlərdən gedir. Əminəm ki, oxucular təəccüblənəcəklər, çünki hər dəfə sentyabrın 15-də mən birinci kursun ilk dərsinə “Yunan dilininin zənginliyi ilə müqaisədə bildiyim çox azdır”- deyə başlayanda tələbələrim hər dəfə təəccüblənirlər. Sonra ətrafa baxıb ilk ağıla gələn sözləri adlandırmaqlarını xahiş edirəm. Və beləcə dərs  başlayır: pedaqoji, texnologiya, aptek, poliqlot, proqram, pandemiya, məlumat, bakteriya, Avropa, telefon, oliqarx, musiqi, teatr, labirint, kaktus, estetik, emblem, dialekt, neft, dəftər (yunanca türkcə), qələm , ensiklopediya, praktik və s.

- Biraz qulağa təəccüblü səslənsə də, Qarabağın Yunan kəndi "Mexmana"ilə bağlı da araşdırmalar apardığını söyləmisiniz. Necə oldu ki, bu kəndin izinə rastladınız?

- Kiçik Asiyadakı təqiblərdən qaçan yunanlar hələ 1820-ci illərdə, Türkmənçay müqaviləsindən bir qədər əvvəl Qarabağ xanlığında sığınacaq tapdılar. Qarabağ xanı onlara Kəlbəcərdə, daha dəqiqliklə desək Ağdərə ərazisində yaşamağa icazə verdi. Burada ağlabatan olaraq “Mehmana” adlı unikal yunan yaşayış məntəqəsinin əsasını qoydular. Tərcüməsi qonaqpərvər anlamına gəlir. Beləliklə, yunanlar həm Bakıda, həm də ölkəmizin bütün bölgələrində müxtəlif fəaliyyət sahələrinə öz töhfələrini verərək, Azərbaycanda multikulturalizm mozaikasının hissələrindən birinə çevriliblər.

Paytaxtımızda 20-ci əsrin əvvəllərində “Euripides” yunan teatrı, 92 nömrəli yunan dördillik məktəbi, kilsə, “Embros (İrəli!)” futbol klubu fəaliyyət göstərirdi. Bu gün Bakıda bir neçə yunan ailə var - Mehmanadan mühacirlər, ailə fotoşəkilləri və xatirələri sayəsində biz Qarabağ yunanlarının arxivini yaradırıq.

1850-ci ildə “Mexovi” yunan qardaşları  Gədəbəydə pirit yataqlarının işlənməsi üçün şirkət yaratdılar. Alman firması “Siemens Qardaşları” şirkəti sonradan onlardan satın aldı.
1851-ci ildə Trabzonlu mədən ustası Xarlampiy Kunqurov iki mis əritmə zavodu tikdirdi - Oxçuçayın yuxarı axarında və Sayaddaş dağının yamacında (Ordubad şəhəri yaxınlığında). Onlar üçün əsasən yunanlar işləyirdi. Yunanlar çoxmillətli vətənimizin ərazisində həmçinin pravoslav kilsələri tikiblər. Bakıda İçərişəhərdə yunanlar Semyon Gitera və Xarlampi Polisov, 1850-57-ci illərdə isə Müqəddəs Nikolay kilsəsini tikdiriblər. Sovet dövründə Suraxanı yaxınlığında ilk yod zavodu 1925-ci ildə yunan Aleks Turajidis tərəfindən tikilib.

- Gələk şəxsi həyatınıza. 7 aydır ki, Yunanıstanın Azərbaycandakı səfiri cənab Nikos Piperiqos ilə evlisiniz. Evlilik və iş həyatı bir arada sizə çətin olmur ki?

- İstənilən qadın üçün iş və ailə həyatını balanslaşdırmaq asan məsələ deyil. Evlənməzdən əvvəl iki universitetdə işləmək və Azərbaycan Yunan İcmasının rəhbərliyi, üstəlik, bitib tükənməyən mədəni-maarif tədbirlərini təşkil etmək vaxtımın çox hissəsini alırdı. Diplomatla, xüsusən də ölkəndəki səfirlə evlilikdən sonra istər-istəməz proqramında dəyişikliklər olur.

Diplomatik xidmət, arvadın təkcə ərini dəstəkləməyindən ibarət deyil. Həm də səfirin xanımı olmaq, səfir olmadıqda onun  rəsmi vəzifələrini yerinə yetirmək məcburiyyətində olduğu nadir peşələrdən biridir. Daim göz önündə olmalı, müxtəlif protokol tədbirlərində iştirak etməlisən. Diplomatın arvadı, əri kimi, həyat yoldaşının ölkəsinin nümayəndəsidir, yəni sırf rəsmi şəxsdir və bu onun üzərinə müəyyən məsuliyyət qoyur. Bu mənada səfirin xanımı nəzakətli, diqqətli olmalı, olduğu ölkənin mədəniyyəti və tarixi haqqında ümumi anlayışa malik olmalı, adət-ənənələrinə hörmət etməli, protokol və etiketi bilməli, öz ölkəsinin tarixini və mədəniyyətini mümkün qədər yaxşı bilməli, təşkilatçılıq qabiliyyətinə malik olmalıdır.  

Bunu da unutmamaq lazımdır ki, bir çox əcnəbilər üçün səfirin xanımı öz ölkəsinin qadınlarının kollektiv obrazını təcəssüm etdirir.

Uşaq evlərinə, əlillər evlərinə, uşaqları və qadınları məişət zorakılığından qorumaq üçün təşkilatlara kömək etdiyimiz HOMS (Missiya rəhbərləri həyat yoldaşları - Diplomatik nümayəndəlik rəhbərlərinin həyat yoldaşları) təşkilatının fəaliyyətində iştirak etməkdən böyük sevinc və məmnunluq duyuram. Yardım üçün lazımi vəsaitin toplanmasına yönəlmiş xeyriyyə tədbirləri həyata keçiririk. Səfirin xanımı qadın görünüşünə malik olmaqla bərabər,eyni zamanda səfirin baxışını tamamlayır və ona 360 dərəcəlik baxışı təqdim edir. O, dövlətlərarası rəsmi məsələrər xaric, ən etibarlı dost və məsləhətçidir. Diplomatın həyat yoldaşı eyni zamanda da xoşməramlı səfirdir.

- Maraqlıdır, cənab səfir Azərbaycanda nəyi daha çox bəyənir və səfirin azərbaycanlı xanımı kimi hansı sahədə əlaqələrimizin qurulmasında daha çox potensial görürsünüz?

- Yunanlar demək olar ki, hər şeydə  bizə çox bənzəyirlər. Mədəniyyət, adət-ənənələr, mətbəx, musiqi, xarakter, iqlim. Həyat  yoldaşım mənə dedi ki, Azərbaycana gəldiyim ilk gündən özümü evdəki kimi hiss edirəm. Cənab səfir Bakı bulvarında gəzməyi sevir. bu ona Saloniki sahilini xatırladır. İçəri şəhər isə onun üçün Rodos adasındakı Köhnə şəhər kimidir. Milli mətbəximizi çox  sevir. Sizə bir sirr də açım ki, cənab səfir ət yeyəndir və buna görə də həmişə istənilən restoranda bir porsiya kabab sifariş edir. O, mənim ləvəngimi, dovğamı, qutablarımı sevir və əsas şərt qoyur ki, evdə həmişə ehtiyatda düşbərə olsun.

Səfirin iqamətgahında biz tez-tez yunan və Azərbaycan xalq musiqisini, muğamı, caz və muğamın sintezindən ibarət musiqiləri ifa edirik. Onun doğum günü Xəzər sahilində Şövkət Ələkbərovanın, Müslüm Moqomayevin, Rəşid Behbudovun, köhnə Azərbaycan filmlərindən musiqilərin oxunması ilə qeyd olunub. Yunanıstan səfiri müsahibələrinin birində yerli tarixçilərin minnətdarlıq cavablarını qazanan ortaq tariximizdən söz açdı. Bilirəm ki, bu oxucularınıza maraqlı gələcək və ona görə də sitat vermək istərdim.

O, yunan miflərində adı keçən Qafqazın yunanların valeh olduğu qədim dövrlərdən danışıb. Gələcəkdə İsgəndərlə Atropatın dostluğu dövründə yunanların Xəzər sahillərində olması (yeri gəlmişkən, bu barədə Azər Ziyadlının “Ovuc içində ulduzlar” kitabını oxumağı məsləhət görürəm) onların uzun tarixi yolunun başlanğıcı oldu. Şərqi Roma (Bizans) imperatorluğun əsas əhalisi sayılan yunanlar Sasani farslarını öz ərazilərindən sıxışdıraraq, müasir Azərbaycanı ərəblər işğal etməzdən bir qədər əvvəl, 643-cü ilə qədər Abşeron yarımadası ətrafında hökmranlıq etdilər.

Müasir dövrdən əvvəlki dövrlərdə Ağqoyunlu hökmdarı Uzun Həsənin və onun Yunan arvadı Teodoranın - Yunan Pontik İmperatorluğunun Trabzonda (Trabzon) ümumi rəqiblərinə qarşı son müttəfiqi olan Dəspinə Xatunun (Despina Komnenos) bağları daha çox diqqət çəkir. Səfəvilərin qurucu hökmdarı türkdilli Şah İsmayıl Xətai anasının, yəni  Dəspinə xatunun qızı Əlyəmşah Bəyimin Pontus yunan soylu olması ilə fəxr edirdi. Yəni Şah İsmayıl türk hökmdarları Ağ Qoyunlu nəslindən olsa da ana tərəfdən sonuncu Trabzon imperatoru IV İohann Komnenosun nəvəsi idi.

Və təbii ki, cənab səfir səhərlər Azərbaycan çayı içməyi çox sevir və onu həmişə bütün dostlarına hədiyyə olaraq Yunanıstana aparır. 

Münasibətlərin potensialına gəlincə, bunlar, ilk növbədə, insan resurslarıdır, yəni, mədəniyyətli insanın təhsil, mədəniyyət, iqtisadiyyat, elm sahəsində gördüyü hər şey. Multikulturalizm modelinin, milli ənənələrin, akademik resursların, elmi potensialın mübadiləsi Azərbaycanın planetimizin istənilən sivil ölkəsi ilə ikitərəfli münasibətlərində prioritet istiqamətlərdən biridir.

Leyla Şah, Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO