Məryəm... O, hələ 1 yaş 3 aylıq olan körpədir. Bəlkə də bu gün o ilk dəfə məzar daşı ilə təskinlik alan anaların, bacıların fəryadına təəccüblü şəkildə şahidlik edirdi.
Hadisələrin fərqində olmayan Məryəmin tez-tez narahat olaraq, tanımadığı adamlara ürkək baxması lakin adını eşidəndə ürəklə qımıldanıb gülümsəməsi bəlkə də bu gün şəhid əmisinin uzaqdan onu izləyən ruhunu şad edirdi.
Adının sehrini körpə yavru indidən duymağa, məsuliyyətini dərk etməyə başlayır və adının çəkilməsindən xoşbəxt olurdu.
Bəli, Məryəm öz şəhidliyi ilə tarix yazan, uşaq vaxtından valideyn qayğısından məhrum olan “Kimsəsiz Şəhid” adı ilə beyinlərə həkk olan Səbuhi Əhmədovun qardaşı qızıdır.
Əmisinin bircəciyi olan Məryəmin adını məhz elə rəhmətlik Səbuhi qoyubmuş. Qardaşı Sənan Əhmədov Bizim.Media-ya açıqlamasında onun necə vətənpərvər olması ilə yanaşı arzularından, istəklərindən də söz açıb. Deyir, ailə qurmağı, çoxlu övladlarının olmasını istəyirdi. Hətta dekabr ayında onu nişanlamağı da planlayırlarmış amma qismət...
Ən son əmisini avqustun ilk günlərində görən Məryəm sanki onun yoxluğunu hiss edib ağlayır, təkcə atasının qucağında rahatlıq tapırdı. Məryəm indi həm ailəsinin, həm də şəhid əmisinin yeganə daşıyıcısıdır...
Biz isə “Əmisinin torpağı sanı qədər yaşasın” deyib Sənanı bir az təsəlli etməyə ən əsas da Məryəmə görə, həyata tutunmağa səsləyirdik...
Məryəm böyüdükdən sonra adını kim qoyub sualına fəxrlə cavab verib, valideynlərinin, şəhid əmisinin yarım qalmış arzularını reallaşdıracaq.
Ruhun şad olsun, gizirim!
Səkinə Yusibli, Bizim.Media