20 manatlıq əsginaslar “Qarabağ” mövzusunda yenilənəcək. Yeni əsginasda Azərbaycan xalqının qüdrətini, gücünü və mübarizə əzmkarlığını əks etdirən qılınc, dəbilqə və qalxan təsvir olunacaq.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildirilib:
MÖVZU İLƏ BAĞLI:
500 manat tədavülə buraxılıb? - Mərkəzi Bankdan cavab
“20 manatın üzərində həmçinin, Qarabağ florasının incisi sayılan və sülh rəmzini simvolizə edən xarıbülbül nişanəsi saxlanılmaqla, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarının əks etdirilməsi nəzərdə tutulur”.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı hökumətin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın daha da müasirləşdirilməsinə başlayıb və bu çərçivədə 2018-2019-cu illərdə 200 manatlıq yeni pul nişanını tədavülə buraxıb, 10 manatlıq pul nişanının isə mühafizə sistemləri təkmilləşdirilib.
Proseslərin davamı olaraq Mərkəzi Bank tərəfindən 1, 5 və 50 manatlıq pul nişanlarının mühafizə sistemləri və dizaynı mövcud konsepsiya çərçivəsində ən son texnologiyalar və innovasiyalar tətbiq edilməklə yenilənib və cari ilin əvvəlindən tədavülə buraxılıb.
Gülşanə Mustafayeva, Bizim.Media