Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bir müddət əvvəl verdiyi açıqlamada ATƏT-in Minsk qrupunun keçmiş həmsədrlərindən danışarkən, Rusiya Prezidenti Vladimir Putini bir sıra Qərb liderlərinə nümunə göstərib.
Zülfüqarov qeyd edib ki, ABŞ və Fransa prezidentləri ən azı Rusiya lideri kimi “Qarabağ Azərbaycandır” fikrini ifadə etməyi belə bacarmırlar.
Əgər həmin dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, ərazimizin bir hissəsinin bizə məxsus olduğunu deməkdən niyə çəkinirlər?
MÖVZU İLƏ BAĞLI:
ABŞ və Fransa səfirləri “bu gün getmədilər, sabah gedəcəklər” – Tofiq Zülfüqarovun ŞƏRHİ
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə qeyd edib ki, Minsk qrupu 30 il ərzində münaqişənin sülh yoluyla həllinə dəstək olmayıb:
“Əksinə separatçılara dəstək olub, Qarabağı Azərbaycandan uzaqlaşdırmaq, yadlaşdırmaq istiqamətində addımlar atıblar. Nəticədə Azərbaycan Ordusu BMT-nin qətnamələrini yerinə yetirməli oldu.
Amma müharibə dönəmində həmsədrlər müharibə dönəmində savaşın dayandırılması üçün çağırışlar edərək, yenə də separatçılara dəstək göstərdilər. Müharibədən sonra öz təşəbbüslərilə Bakıya gəldikdə isə Cənab Prezident onlara kifayət qədər layiqli cavab verdi.
Təəssüflər olsun ki, son vaxtlar yenə də Ermənistanın istəyinə uyğun olaraq Minsk qrupunu dirçəltmək istəyən qüvvələr var. Bir həftə bundan öncə ABŞ-ın Minsk qrupuna həmsədr təyin etməsi və Fransanın məlum mövqeyi yolverilməzdir və narahatedicidir”.
Müsahibimiz bir neçə gün öncə ABŞ və Fransa səfirinin Şuşa səfərindən imtina etmələrinin narahatlığa əsas verdiyini də diqqətə çatdırıb:
“Bir tərəfdən ABŞ və Fransa deyir ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Digər tərəfdən bu dövlətlər 30 ildir ki, ərazi bütövlüyünü pozan Ermənistana və separatçılara dəstək verirlər. Bu əxlaqsız siyasətdir və indi də bunu davam etdirirlər.
Onlar “Qarabağ Azərbaycandır” şüarından çəkinirlər. Bu onların öz işidir. Amma unutmasınlar ki, minlərlə kilometr kənarda oturub, Azərbaycanın daxilində hansısa proseslərə təsir etməklə öz çirkin niyyətlərinə nail olacaqları düşüncəsindədirlərsə, bu mümkün deyil.
Rusiya da artıq ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini görüb və Lavrovun dilindən açıqlama verilib ki, həmsədrlər uzun müddətdir görüşmürlər. Bu, təbii ki, Ukrayna münaqişəsi səbəbindən Rusiya və Qərb arasında gedən soyuq müharibənin nəticəsidir.
Belə bir halda, həmsədrlərdən birinin qrupu tərk etdiyi vəziyyətdə digər ölkələrin istəyi bizə məlumdur. Onlar nə beynəlxalq hüquqa, nə də BMT nizamnaməsinə hörmət edirlər. Çünki Azərbaycanın müstəqilliyini tanıyan dövlətlər bu yaramaz qurumun dirçəlməsində maraqlı olmamalı idilər”.
Murad Əhmədov, Bizim.Media