“Qarabağ” cari mövsümdə ən çətin imtahanını verəcək. Azərbaycan çempionunun ətrafında bəlkə bu qədər ajiotaj heç vaxt olmamışdı. Ukraynaya təcavüzə görə futboldan kənarlaşdırılan Rusiya futbolunun yeganə təsəllisi olan “Feretsvaroş”du. Ruslar Stanislav Çercesovun komandasına və onun rəqibinə o qədər diqqət yetirir, danışır, yazır ki, sanki söhbət şimallıların “Xalq komandası” - “Spartak”dan gedir.
Çercesovun çiyinlərində Rusiya yığmasının “sükanı arxası”nda mundialın 1/4 finalınadək irəliləmək təcrübəsi, Polşa və Macarıstan çempionluqları var. Bütün bunlar qonaqların lehinə işləyən faktorlardır.
Ağdam təmsilçisinə gəlincə, Qurban Qurbanovun analitik istedadı, çılğın azarkeş kütləsi lehimizə işləyə bilər.
Bu, görünməyən üstünlüklər idi. Görünən məqamlara gəlincə, əlbəttə ki, hücum potensialında meydan sahiblərinin problemləri olacaq. Riçard Almeyda və Kadi Borgesin yoxluğu ciddi itkidi. Əlbəttə, Qurban Qurbanovun komandası oyuna 9 yox, 11 oyuncuyla çıxacaq. Ancaq əvvəlki 4 qarşılaşma da göstərdi ki, bu tandem 3 ən yaxşılar (digəri Abdulla Zubir) sırasında idi.
MÖVZU İLƏ BAĞLI:
Çempionlar Liqası: "Qarabağ" bu gün Macarıstan klubu ilə oynayacaq
Çempionumuzun daha bir itkisi Kevin Medinadı. Əgər Almeyda və Kadi cavab oyununda çıxış edə biləcəklərsə (bu axşam hər ikisi sarı vərəqə limitinə görə oyunu buraxır), Medina zədəlidir və iki ay yaşıl meydandan kənar qalacaq. Maksim Medvedev hələ ki, inamlı təsir bağışlamır, Bədavi Hüseynov ağır zədədən yenicə qayıdıb, Bəhlul Mustafazadəyə isə hələ ki bir o qədər güvənilir.
Bax, belə bir mərkəz müdafiəçiləri seçimi qarşısındadır “süvarilər”in baş məsqcisi. Bu itkilər təmsilçimizin işini çətinə salacağına şübhə etmirəm.
Ağdam təmsilçisinin sıralarında bir “qara qutu” da var. Söhbət Julio Romaodan gedir. Patrik Andradenin gedişindən sonra Portuqaliya Primerası təmsilçisi “Santa Klara”dan transfer edilən 24 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandasının heyətində hələlik debüt etmək imkanı qazanmayıb.
Fikrimcə, bu axşam əvəzetmədən də olsa, onu meydanda görə biləcəyik.
Nəticəyə gəlincə, yenə də o fikri səsləndirim ki, Qurban Qurbanovun komandası cütlü oyunların ikincisində daha yaxşı çıxış edir. Bu da baş məşqçinin rəqibi iş başında gördükdən sonra daha yaxşı təhlil etməsindən irəli gəlir. Bax, elə buna görə də Bakıda baş tutacaq oyunda hətta bərabərlik qeydə alınsa, çempionumuzun növbəti mərhələyə adlamaq şanslarını daha yüksək qiymətləndirəcəm. Yetər ki, bu gün məğlub olmayaq.
Ceyhun Əliyev, Məxsusi Bizim.Media üçün