Ötən gün Ümumdünya Şahmat Olimpiadasında 4-cü turun oyunları kecirildi. Kişilərdən ibarət yığmamızın Türkiyə ilə qarşılaşmanı 2:2 hesabı ilə başa vurmasından sonra qardaş ölkənin şahmatda xeyli irəliləməsi fonunda zəngin Şahmatçılıq ənənələri olan ölkəmizin reytinqdə bu qədər geriləməsi bütün şahmatsevərləri kədərləndirdi. Türkiyə millisinin tərkibində azərbaycanlı məşqçilərin olması və məhz onların əməyi hesabına qardaş Türkiyəmizin şahmatda tarixi uğurlara imza atması sevindirici olmaqla çox düşünməli olan məqamdır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən idman eksperti Ceyhun Əliyev bizə bildirdi ki, şahmat millimizin ard-arda göstərdiyi zəif nəticələr hamı kimi onu da, məyus edib:
“Nəyə görə ümummilli lider Heydər Əliyevin göstərdiyi qayğı sayəsində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, rəhmətlik Vüqar Həşimov, Rauf Məmmədov kimi əjdahalar ortaya çıxdığı halda, son 10-15 ildə bir nəfər belə elitar şahmatçımız dünya olimpində parlamır? Yoxsa indi şahmata daha az pul ayrılır? Əsla! İndi əvvəlkindən də çox vəsait ayrılır. Ancaq həmin vəsaitin hara axdığını heç kəs bilmir. Bəyəm indi ölkədə istedadlı şahmatçı yoxdur? Axı, 8, 10, 12, 14 yaşlılar arasında dəfələrlə Avropa və dünya çempionlarımız olub. Sonrası belə olur ki, həmin şahmatçılar ali təhsil ocaqlarına hazırlaşmağa başlayıb və şahmatın başını buraxıblar. Niyə? Çünki Azərbaycan Şahmat Federasiyası onlara sahib çıxmayıb”.
Komandamızın uğursuzluğunda Şahmat Federasiyasını günahlandıran Ceyhun Əliyev söyləyib ki, qurum milli kadr yetişdirmək əvəzinə, onlara ayrılan pulu Arkadi Naydiç kimi üçüncü dərəcə qrosmeysteri milliləşdirməyə xərcləyir:
“Bu qədər milli qrosmeysteri olan ölkəydə Arkadi Naydiçi milliləşdirərək, böyük məvaciblər əsasında oynatdılar. Ondan qat-qat səviyyəli qrosmeysterlər hazırlayan yerli mütəxəsislərimizə isə Federasiya onun yarısı qədər də, məvacib vermədi. Naydiçin Azərbaycana gətirilib milliləşdirilməsi birmənalı şəkildə Azərbaycanın şahmat ənənələrinə tüpürmək idi. Bu qədər istedadlı şahmatçıları olan ölkəyə üçüncü növ şahmatçı olan Naydiç lazım deyildi”.
Milli kadrların yetişdirilməsi baxımından Federasiyanın gənclərə və məşqçilərə olan diqqətinin artmasının vacibliyini vurğulayan idman ustası bununla bağlı mövcud problemləri sadaladıqdan sonra öz təkliflərini də, səsləndirib:
“8-12-14 yaşlı uşaqlarımız ildə bir dəfə beynəlxalq turnirə gedirlər. Lakin şahmat ustası kimi formalaşmaq üçün ildə bir turnirlə iş bitmir. Uşaqların ustalaşması üçün ildə ən azı 10 ciddi turnirdə iştirak etmələri şərtdir. Azərbaycanlı valideynlər uşaqlarının beynəlxalq turnirlərdə iştirakı üçün əllərindən gələni əsirgəmirlər. Lakin onların 2700 reytinqə sahib olması üçün uşaqlara və yeniyetmələrə dövlət və bunun fonunda Şahmat Federasiyasının dəstəyi vacibdir.
Məsələn Hindistanda bununla bağlı dövlət proqramı var və xüsusi istedadlı uşaqlara dövlət tam dəstək verir. Bizdə isə 12-14 yaşa kimi uşaqlar beynəlxalq səviyyəli FİDE ustası olurlar. Bundan sonra top şahmatçılar sırasına daxil olmaq üçün isə uşaqlara böyük dəstək lazımdır.
Həmçinin məşqçilərin uşaqların üzərində çəkdikləri zəhmətin qarşılığı olmalıdır. Federasiya isə nədənsə onlara lazım olacaq vəsaitləri ayırmır. Xatırlayırsınızsa, qadınlardan ibarət şahmat komdamız 28 il sonra Avropa üçüncüsü olmuşdu və yalnız milli məclisin deputatları məsələyə müdaxilə etdikdən sonra Şahmat Federasiyası tərəfindən onlara vəd olunan pul mükafatı ödənildi. Bu baxımdan Cəmil Ağamalıyev kimi məşqçilərin ölkəni tərk etməsi şahmatımız adına çox acınacaqlı bir məsələdir.
Ceyhun Əliyev sonda qeyd edib ki, uzun illər ərzində qazandığımız şahmat ənənənələrin sıradan çıxıb tarixə qovuşmaması üçün Şahmat Federasiyası təcili olaraq bu addımları atmalıdır:
“1.Məşqçilərin məvacibini artırmaq
2.Təlim-məşq toplantılarını təşkil etməyə köməklik göstərmək
3.Sistemli şəkildə gənc şahmat ustalarının beynəlxalq turnirlərdə iştiraklarını təmin etmək”.
Leyla Şah, Bizim.Media