Hazırda Bakı Limanının tikintisinin ikinci fazasının texniki-iqtisadi əsaslandırılması, gələcək proqnozlarının nəzərə alaraq layihələndirilməsi və bu kimi digər zəruri işlər aidiyyəti dövlət qurumlarının da iştirakı ilə həyata keçirilir.
Bizim.Media xəbər verir ki, bu barədə “Report”un sorğusunun cavab olaraq "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-dən bildirilib.
"Xüsusilə qeyd olunmalıdır ki, limanın inkişafının 2-ci fazasının inşası və idarə edilməsində də təcrübəli beynəlxalq logistika şirkətlərinin iştirak etməsi nəzərdə tutulur", - açıqlamada deyilir.
Qeyd edilib ki, Azərbaycanın geostrateji mövqeyinin gücləndirilməsi və tranzit imkanlarının daha da artırılması baxımından logistika və qlobal dəhlizlərdə əhəmiyyətli rol oynayan Bakı Limanının ikinci fazasının inşası mühüm əhəmiyyət kəsb edir.
Bildirilir ki, Bakı Limanının inkişaf strategiyasına uyğun olaraq limanın tikintisinin ikinci fazasının icra edilməsi hələ uzun illər əvvəldən nəzərdə tutulub.
"Bakı Limanının inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşıb və bununla da limanın yükaşırma həcmi 100 000 TEU konteynerdə daxil olmaqla illik 15 milyon tona bərabər olub. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu Bakı Limanının yükaşırma həcmi hər il artır. Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır.
Hazırda Bakı Limanı, gələn yük həcmini qarşılamaq imkanında olsa da yaxın gələcəkdə bu həcmin daha çox artacağı ilə bağlı real proqnozlar, Bakı Limanının ikinci fazasının tikintisinə qısa zamanda başlanılmasını zəruri edir", - Bakı Limanından bildirilib.
Qeyd edək ki, bununla bağlı hazırlanan ilkin layihəyə əsasən limanın tikintisinin ikinci fazasının yekunlaşdırılması ilə limanın illik yükaşırma gücü 500 000 TEU konteyner də daxil olmaqla 25 milyon tona qədər artırılacaq.
Bizim.Media