Məhkəmənin qərarı olmadan evini buldozerlə SÖKDÜLƏR - VİDEO

Məhkəmənin qərarı olmadan evini buldozerlə SÖKDÜLƏR - VİDEO

Hazırda oxunan: Məhkəmənin qərarı olmadan evini buldozerlə SÖKDÜLƏR - VİDEO

86127

Nəsimi rayon sakini Camal Rzayev evini sökən “Pilot İnşaat-A” MMC –dən şikayətçidir. 

Problemlə bağlı Bizim.Media-ya müraciət edən şikayətçi bildirib ki, heç bir məhkəmə qərarı olmadan Nəsimi rayon icra hakimiyyətinin verdiyi sərəncamla şirkət evi başlarına uçurub:

“2017-ci il mayın 21-i valideynlərim bağda, mən isə Moskvadan gələn dostumla restoranda idik. Gecə saat 3-də qonşu zəng etdi ki, “Pilot İnşaat-A” tikinti şirkətinin nümayəndələri Təzə bazar tərəfdə Şamil Əzizbəyov küçəsindəki şəxsi həyətyanı ərazi və əşyalarımla birgə evimi söküblər. Ev ata-baba mülküdür və 1890-cı ildə ulu babam tərəfindən tikilib. Sökülməmişdən əvvəl şirkətdən bildirilmişdi ki, həyətə görə pul verilməyəcək. Ya 1 kv.metrə görə 1500 manat ödəyəcəklər, ya da tikinti başa çatdıqdan sonra 100 kv.м + 20% sahəsində mənzil ayıracaqlar. Bundan əlavə mən 140 kv.m. həyətimi şirkətə verməliyəm, çünki həyət üzrə mülkiyyət kağızı yoxdur.
 

Təbii ki, bu şərtlərlə razılaşmadım. Evdə olmadığımız vaxt və gecə saatlarında xəbər etmədən əşyalarla birgə evimi buldozerlə darmadağın ediblər. 5 ildir ki, məhkəmə instansiyalarında qalmışam. İş Avropa Məhkəməsinə qədər gedib çıxıb”. 


Şikayətçi deyib ki, Ali Məhkəmə qərar çıxarmışdı ki, vətəndaşa dəymiş 450 min manat maddi və eləcə də mənəvi ziyan ödənilsin:

“Sonradan şirkət Konstitusiya Məhkəməsinə müraciət etdi və qərar çıxarıldı ki, həyətyanı sahə üçün şirkətin ödəməli olduğu 163 min manat ləğv edilsin. Bu günkü gün şirkət mənə 283 min manat pul ödəməlidir. Amma əsas gətirir ki, layihəni bitirdiklərinə, hazır mənzilləri olmadığına və əllərində pulları olmadığına görə mənə ayda 10 min manat verməklə borclarını bağlasınlar. Halbuki məhkəmənin qərarında hissə-hissə ödənişlə bağlı heç nə yoxdur. Yaşamaq üçün mənzil almalıyam. 2 il ərzində mənə bu pulu hissə-hissə verməklə, sizcə mənzil ala bilərəm?
 

Bilirsiz ki, bu gün 200 minə satılan ev, 1 ildən sonra 300 minə təklif olunacaq. O zaman 3 otaqlı ev də ala bilməyəcəyəm. Onu da deyim ki, evimin dəyəri 283 min manatdan da baha və əşyalardan ibarət idi.


Paradoks ondan ibarətdir ki, məhkəmədə evimin əşyalarla birgə söküldüyünü sübuta yetirə bilmirəm. Məntiqlə evdə yaşayış olduğunu izah edə bilmirəm. Deyirlər ki, sən onu sübut edə bilmirsənsə ziyanın məbləğini göstərmək mümkün olmayacaq. Onda belə çıxır ki, ev əşyalarının fotolarını üzərimizdə saxlamalıydıq?” 

Şikayətçi qeyd edib ki, pilot layihə olduğu üçün Nazirlər Kabinetini və Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Bütün instansiyalardan uduzduğuna görə Avropa Məhkəməsinə müraciət edib. Həmin məhkəmə isə işi icrarata götürüb:

“Ayrılıqda şirkəti də məhkəmə vermişəm. İcraçı da bir iş görmür, şirkətlə əlbir olublar. Hazırda Ali Məhkəmənin qərarı var, hansı ki, orada əşyalar nəzərdə tutulmur. Şirkətə qarşı isə bir tələbim var. Apelyasiya və Ali Məhkəmənin qərarlarının dərhal icra olunmasıdır. Ali Məhkəmənin qərarı 2021-ci ildə çıxsa da o dövrdən indiyədək şirkətdən cəmi 50 min manat pul almışam. Halbuki 283 min manat pul almalıydım”. 

Camal Rzayev onu da əlavə edib ki, yenidən iş baxılması üçün Apelyasiya Məhkəməsinə göndərilib və avqustun 2-də Apelyasiya Məhkəməsinin birinci iclası olacaq. Sözügedən şirkətlə əlaqə yaratsaq da zənglərimizə cavab verən tapılmadı.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media 

 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO