Çimərlik mövsümü nə qədər adrialin yaşatsa da bədbəxt hadislərdən də qaçmaq olmur. Tez-tez bu və ya digər su hövzələrində insanların boğulma xəbərlərini eşidirik. Bəs neyləməliyik ki, həm boğulma risqindən sığortalanaq, həm də çimərliyin dadını çıxardaq?
Bunun üçün mütəxəssislər tövsiyyə edir ki:
Birincisi, əgər hər hansı bir su hövzəsində FHN-nin xilasediciləri yoxdursa, deməli bura nəzarətsiz sahələrdir. Burda çimmək risqlidir.
MÖVZU İLƏ BAĞLI:
Bakıda nümunəvi çimərliklər mövsümə hazırdı - SİYAHI/FOTO
İkincisi, nəzarətsiz su hövzəsinə girmək həm də ona görə təhlükəlidir ki, burda suyun altında hansı proseslərin, axınların getdiyini və yaxud suyun altında daş-dəmir olduğunu heç kim bilmir. Bu faktorlarsa bütün hallarda ölüm risqi yaradır. Çox təəssüf ki, ölüm hallarının hamısı da məhz bu cür nəzarətsiz su hövzələrində baş verir.
Bundan əlavə çoxlarımızda belə bir fikir formalaşıb ki, “üzməyi bacarıramsa dənizdə rahatca çimə bilərəm”. Bu isə kökündən yanlış fikirdir. Sakit hovuzda çimməklə, güclü sualtı axını olan dənizdə çimmək fərqli-fərqli şeylərdir. Bir də unutmayaq ki belə bir məsəl var: “Dənizdə üzə bilənlər batır”.
Dənizdə ölümlərə səbəb olan "Rip axıntıları" nədir?
"Rip axıntıları" eni 25 metrə qədər olan və sahildən dənizə sürətlə qayıdan su axınıdır. Axıntının sürəti 5-10 km/saat olur və ona qarşı üzmək adamı yoraraq boğulmasına səbəb olur. Bu sürətli axına qarşı üzgüçülük üzrə olimpiya çempionları da bacarmır. Bu cür hadisə ilə rastlaşsanız, ondan xilas olmağın yolu bir müddət sakit dayanmaq və axıntının sizi aparmasına icazə verməkdir. Bu su axını insanı dənizin dibinə çəkmir, sadəcə sahildən uzaqlaşdırır.
Bir müddət axınla getdikdən sonra sürətin azaldığını və suyun sakitləşdiyini görəcəksiniz. Bu anda sahilə paralel, yəni axıntının əksinə yox, onun yan tərəfinə doğru üzməlisiniz (25 metrdən çox). Bu zaman "rip axıntısı"ndan çıxacaqsınız və artıq rahat sahilə tərəf üzüb xilas ola bilərsiniz.
Dənizdə “Rip axıntıları” tək təhlükə deyil
Dənizdə digər təhlükəli məqamlar çoxdur. Bura suyun tez dərinləşməsindən tutmuş sualtı daşlara qədər çox şey daxildir.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən FHN Kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə Dövlət Xidmətinin şöbə rəisi Aqşin Əlili ən böyük təhlükənin nəzarətsiz və tanımadığımız ərazilərdə çimməyin olduğunu bildirdi.
O əlavə etdi ki, bizim nəzarət etdiyimiz çimərliklərdə və o cümlədən, İDEA İctimai Birliyinin təşəbbüsü ilə yaradılmış çimərliklərdə mövsümqabağı təbliğat və təşviqat tədbirləri aparmışıq:
“Eyni zamanda, bu çimərliklərdə sualtı müayinələr həyata keçirilib. Sualtı təmizləmə işləri aparılıb. Üzmə sərhədlərini müəyyən nişanlar qoyulub. Əraziyə məlumat lövhələri yerləşdirilib. Ən əsası həmin ərazilərdə xilasedicilərin növbəlik iş rejimi təşkil olunub. Amma biz bütün su hövzələrinə nəzarət etmirik. Buna sadəcə texniki cəhətdən mümkün deyil”.
Şöbə rəisi nəzarət olunan çimərliklərdə bu günədək ölüm hadisəsi olmadığını da söyləyib:
“Tərəfimizdən nəzarət edilən çimərliklərdə 24 nəfər, ümumilikdə isə 100 nəfər boğulmaqdan xilas olunub. Ona görə də yaxınlarımızın və özümüzün təhlükəsizliyi üçün nəzarət olunan çimərliklərdən istifadə etmək olduqca vacibdir”.
Surxay Atakişiyev, Bizim.Media