Azərbaycan neftinin qiyməti qalxır, ölkədə benzin niyə bahalaşır? - “Bizim Barel”də İlham Şabanın TƏHLİLİ

Azərbaycan neftinin qiyməti qalxır, ölkədə benzin niyə bahalaşır? - “Bizim Barel”də İlham Şabanın TƏHLİLİ

Hazırda oxunan: Azərbaycan neftinin qiyməti qalxır, ölkədə benzin niyə bahalaşır? - “Bizim Barel”də İlham Şabanın TƏHLİLİ

83965

Başa çatan həftə enerji sahəsində Azərbaycanla bağlı və eləcə də, ölkəmnizin özündə o qədər maraqlı hadisələr yaşanıb ki, dünya bazarlarında baş verənlərə yer ayırmağa belə macal yoxdur. Çünki Qərbin nəzəri dünyada yaşanan mürəkkəb hərbi-siyasi vəziyyətdə həm də Azərbaycana yönəlib.

Onun yaxın onilliklər üçün Azərbaycanla məxsusi iqtisadi əlaqələr yaratmaq istəyi gündəmdədir. Ona görə də həftənin enerji xəbərlərini qaz məsələlərindən başlamaq istərdim.

Avropa-Azərbaycan qaz əməkdaşlığı. Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı xanım Kadri Simson iyulun 18-i Azərbaycana səfər edəcək. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və SOCAR Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəflə görüşlər panlaşdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Yanacaq qiymətləri BU HALDA ucuzlaşacaq – İlham Şabandan PROQNOZ 


​​​​​​​Yayın cırhacırında birdən birə rəsmi Brüsseldən Bakıya mötəbər nümayəndə heyətinin səfər etməsinin məqsədi nədir? 

Məqsəd Avropa İttifaqının Azərbqcandan əlavə olaraq 10 milyard kubmetr təbii qaz almaq arzusu və onu gerçəkləşdirmək üçün ilkin sənədləşməni həyata keçirməkdir. 

Aİ Rusiya ilə siyasi-iqtisadi münasibətlərin gərginləşməsi ilə əlaqədər bu ölkədən qaz tədarükünün minimuma endirilməsi şəraitində Azərbaycanla qeyd-şərtsiz qaz idxalı müqaviləsi imzalamağa hazırlaşır.

Hazırlanan saziş layihəsi ilə tanış olan “EUobserver” ekspertləri belə qənaətə gəliblər ki, Aİ 2027-ci ilə qədər Azərbaycandan idxal edilən qaz həcmlərini hər il üçün azı 20 milyard kubmetrə qədər artırmağa ümid edir. 

Və Saziş layihəsində “Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin genişləndirilməsinə əhəmiyyətli sərmayənin yatırılması” nəzərdə tutulur, amma investisiya məbləği açıqlanmır.

Layihədə bildirilir ki, Cənub Qaz Dəhlizi Xəzər dənizindən Türkiyə ərazisindən Cənub-Şərqi Avropaya uzanan boru kəmərləri məcmusudur. Onun imkanlarından istifadə etməklə Azərbaycan qazı cənubi Avropaya, Şərqi Avropaya və birləşdirici kəmərlər vasitəsi ilə Qərbi Balkan ölkələrinədək nəql edilə bilər.

“EUobserver” ekspertləri bir məsələyə diqqət yetiriblər ki, Aİ və Azərbaycan arasında imzalanması planlaşdırılan layihədə birbaşa olaraq Rusiya ilə münasibətlərə toxunulmayıb, amma regional gərginlik məsələsi yer alıb, o cümlədən Azərbaycanın Ermənistanla münaqişəsinə eyham edilərək, “ölkələrin ərazi bütövlüyünə, beynəlxalq sərhədlərin toxunulmazlığına, müstəqilliyinə, bir-birinin suverenliyinə, o cümlədən Aİ-yə üzv olan bütün dövlətlərə hörmət və dəstək” ifadə edilib.

Aİ rəsmiləri memorandumun nə vaxt imzalana biləcəyini söyləməkdən imtina ediblər, lakin artıq bəllidir ki, Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıya səfər edəcək və hər iki tərəfin rəsmiləri 19 iyulda Brüsseldə danışıqları davam etdirəcəklər. 

Memorandum həmçinin “Aİ ilə Azərbaycan arasında, o cümlədən Qara dəniz və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası vasitəsilə elektrik enerjisi ticarətinin inkişafı”nı nəzərdə tutur.

Çox maraqlıdır. Çünki dünən Azərbaycan Prezidenti İlham Əliyev hökumətin cari ildə fəaliyyəti ilə bağlı keçirdiyi görüşdə də bu məsələlər haqda bəyanatlar səsləndirir. 

Qeyd edim ki, 2021-ci ilin yekunlarına görə, Azərbaycan Avropanın 3 ölkəsinə - Yunanıstan, Bolqarıstan və İtaliyaya təqribən 8,2 mlrd kubmetr qaz ixrac edib. Bu iliun birinci yarısında Avropaya qaz ixrac həcmləri 5,4 mlrd kubmetr təşkil edib. 

Neftin proqnoz qiyməti. Azərbaycan Prezdenti İlham Əliyev bəyan edib ki, hökumət dünya iqtisadiyyatında mükmün resessiyanı (tənəzzül) nəzərə alaraq 2023-cü il dövlət büdcəsində neftin qiymətini düzgün hesablamalıdır.

“İndi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Bu haqda mötəbər beynəlxalq qurumlar, maliyyə institutları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq. Buna görə gələn il üçün dövlət büdcəsində neftin qiymətini düzgün hesablamaq lazımdır”, - deyə Azərbaycan prezidenti cümə günü cari ilin ilk yarımilliyinin yekunlarına həsr olunan müşavirədə bildirib.

Azərbaycanın 2022-ci il dövlət büdcəsində ilkin olaraq neftin bir barel qiyməti $50 hesablanmışdı. İyun ayında hökumət dövlət büdcəsinə dəyişiklikləri qəbul edib, nəticədə dövlət büdcəsində bir barel neftin baza qiyməti $70-dək artırılıb. Amma 2022-ci ildə Azərbaycan neftinin ixrac qiyməti bir barel üçün $85 proqnoz edilib. 

Burada əlavə etmək istərdim ki, OPEC-in son açıqlanan proqnozlarına görə, 2022-ci ildə Azərbaycanda maye karbohidrogen (neft və kondensat) hasilatı gündəlik orta hesabla 800 min barelədək artsa da, 2023-cü ildə 700 min barelədək azalma göslənilir. Çünki neft yataqlarının böyük əksəriyyəti qocalıq dövrünü yaşayır.

Azərbaycanın ən böyük və istismarda olan ən cavan neft yataqlar bloku “Azəri-Çıraq-Günəşli”də isə ehtiyatların təqribən 60%-ə yaxını artıq çıxarılıb.

Azərbaycan neftinin qiyməti. 2022-ci ilin I yarısında “Azeri Light” markalı neftin CIF müqavilə şərtləri ilə (daşıma, sığorta xərcləri də nəzərə alınmaqla) bir barelinin orta qiyməti $109,95 təşkil edib. Bu barədə SOCAR-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Xidməti məlumat yayaıb. Bu, ötən ilin analoji dövrünün göstəricisindən 68% yüksək bir nəticədir..

Qeyd edim ki, 2022-ci ilin birinci rübünün yekunları üzrə “Azeri Light” markalı neftin CIF tədarükü şərtləri ilə bir barelinin orta qiyməti $102,68 olmuşdu.

2021-ci ildə “Azeri Light” markalı neftin CİF tədarükü şərtləri ilə bir barelinin orta qiyməti $71,6 (2020-ci ildə $43,7) təşkil etmişdi.

Neft statistikası. 2022-ci ilin birinci yarısında OPEC+ razılaşması çərçivəsində Azərbaycanda gündəlik neft hasilatı 566,75 min barel təşkil edib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

2022-ci ilin yanvar-iyun aylarında gündəlik neft (kondensatla birlikdə) hasilatı 681,06 min barel olub. Bunun təxminən 114,3 min barelini kondensat təşkil edib. 2022-ci ilin birinci yarısında OPEC+ razılaşması orta hesabla 119,9% yerinə yetirilib.

Bahalaşan benzin. İyulun 13-dən etibarən Azərbaycanda “Premium Euro-95” markalı benzinin 1 litr üçün qiyməti 25% - 2 manatadək (cari məzənnə ilə $1,18) bahalaşıb. 

Qeyd edək ki, Azərbaycanda yüksək oktanlı benzinlər 2014-cü ilin aprelindən istehsal olunmur, ğlkədaxili tələbat o zamandan idxal hesabına həyata keçirilir. Ona görə də bu növ benzinlərin daxili bazarda qiymətinin dəyişməsi faktiki dünyada neft və neft məhsullarına qiymətlərin korreksiyasından asılıdır.

Statistikaya görə, Azərbaycan 2022-ci ilin yanvar-aprel aylarında 29 min 980,66 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 35,8% azdır.İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $29 milyon 120,83 min (azalma 6,6%) təşkil edib.

Xüsusilə, 4 ay ərzində Rusiyadan $8 milyon 623,37 min dəyərində (azalma 3 dəfə) 9 min 403,55 ton benzin (azalma 4,1 dəfə) idxal edilib. “Premium Euro-95” markalı benzin idxalının 31,4%-i bu ölkənin payına düşüb.

Rumıniyadan $5 milyon 978,55 min dəyərində 6 min 713,35 ton, Bolqarıstandan $10 milyon 365,18 min dəyərində 8 min 919,17 ton, Türkmənistandan $4 milyon 153,73 min dəyərində 4 min 944,58 ton benzin idxal edilib. 
Elektrik enerjisi ixracı. Azərbaycan Prezdenti İlham Əliyev hökuməti elektrik enerjisinin ixrac potensialının illik 5 MVt-a qədər artırılması üçün tədbirlər həyata keçirməyə, həmçinin potensial alıcı ölkələrlə danışıqlara başlamağa çağırıb.

“Zəngəzur enerji dəhlizi, Qara dənizin altından çəkiləcək kabel, ənənəvi Azərbaycan Gürcüstan-Türkiyə yolu, İran-Azərbaycan elektrik bağlantısı - bütün bu infrastruktura yenidən baxmaq lazımdır. Əgər biz orta hesabla, belə demək mümkünsə, ildə 1 min meqavat gücündə elektrik enerjisini ixrac edə biliriksə, bizdə elə potensial olmalıdır ki, 5 min meqavat gücündə elektrik enerjisini ixrac edə bilək”, - deyə İlham Əliyev car ilin ilk yarımilliyinin yekunlarına həsr olunan müşavirədə bildirib.

Onun sözlərinə görə, bununla əlaqədar “Azərenerji”yə tapşırıq verilib.

Prezident, həmçinin hökumətə və aidiyyəti qurumlara da tapşırıq verib ki, “bu işi əsaslı etməliyik”. “Yəni, əlavə 1 min meqavat, yaxud da 1,5 min meqavatla kifayətlənmək lazım deyil. Bəlkə də daha böyük investisiyalar qoyaq, amma elə edək ki, sabah bizdə artıq enerji hasil ediləndə ixracla problem olmasın”, - Əliyev deyib.

O cümlədən, prezident vurğulayıb ki, potensial alıcılarla danışıqlar başlanmalıdır.“Məncə, biz gözləməməliyik ki, kimsə gəlsin qapımızı döysün, bu il özümüz bazarları, mümkün olan bazarları təsbit etməliyik.

Oraya heyətlər göndərilməlidir, danışıqlar aparılmalıdır, şərtlər razılaşdırılmalıdır. Çünki gələcək bununla bağlıdır. Biz hamımız yaxşı bilirik ki, artıq ənənəvi enerji növlərinə investisiyalar dayanacaq. Hidrogen, yaşıl hidrogen, elektrik enerjisi - bunlardır gələcəyin enerji növləri. Biz burada bir addım geri olmamalıyıq, əksinə, qabağa getməliyik və bütün imkanlar var”, - dövlət başçısı qeyd edib.

2021-ci ildə Azərbaycan qonşu ölkələrə 1,6 meqavatt elektrik enerjisi ixrac edib. Həmçinin, prezident Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan elektrik enerjisinin Avropaya ixracının təşkili istiqamətində çalışmalıdır.
2022-ci ilin I yarısında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3% artaraq 13 milyard 520,5 milyon kVt/saat təşkil edib. Bu dövrdə ölkənin elektrik enerjisi ixracı 664,1 milyon kVt/saat, idxalı isə 71,1 milyon kVt/saat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO