“Rusiya ilə İran arasında ziddiyyətlər ilbəil azalmaqdadır: Bu ölkələr Suriya cəbhəsində müttəfiqdirlər. Şimal – Cənub nəqliyat dəhlizi layihəsi də hər iki ölkənin maraqlarını əks etdirir. Xəzərin statusu ilə bağlı ziddiyyətlər də konvensiyanın imzalanması ilə aradan qalxıb”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiyada yaşayan jurnalist, politoloq Anar Həsənov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğanla Putin İranda görüşəcək
Belə ki, Rusiya Prezidenti Vladimir Putinin gələn həftə İrana gözlənilər səfərini şərh edən politoloqun sözlərin görə, tərəflər arasında digər ziddiyyət Rusiyanın İrana olan münasibətinin beynəlxalq gündəmdən asıllığı idi:
“Artıq Rusiya bu məsələdə siyasi manevrlərindən məhrumdur. Belə ki, Rusiya bu illər ərzində İranla bağlı mövqeyi ilə Avropa ilə siyasi alver edib. İndi Rusiya Qərbin ona tətbiq etdiyi sanksiyalar paketinə görə İranı ötüb. Hazırda Rusiyanın İrandan asıllığı İranın Rusiyadan asıllığı qədərdir. Həm də bu ilin fevralından sonra yaranmış vəziyyət İrana Avropa ilə qaz və neft nəqlı ilə bağlı sövdələşmələrə getmə şansı verir və bu Rusiyanı narahat edir. Unutmayaq ki, İran qaz və neft nqəli məsələsində Rusiyaya rəqibdir. Bundan əlavə hər iki ölkə arasında milli valyuta ilə ödənişlər haqda razılıq var. Bu iki vacib məsələ Vladimır Putinin İran səfərinin baş mövzularıdır”.
Anar Həsənov iki ölkə arasında hansı razılaşmaların əldə oluna biləcəyi sualına da aydınlıq gətirib:
“Qaz və neft nəqli mövzusunda İran Rusiya razılaşması şübhə doğurur, çünki İranda yaxşı başa düşürlər ki, Rusiya İran yaxınlaşması situativdir və Rusiya artıq Avropa ilə münasibətlərdə İran kartından istifadə edə bilmir. Ona görə düşünürəm ki, bu səfər İranla Rusiya arasında olan lokal ziddiyyətləri aradan qaldırmayacaq. Ancaq hər iki tərəf üçün vacib olan iqtisadi-ticari münasibətlərə səfər müsbət təsir göstərə bilər. Milli valyuta ilə hesablaşma və ABŞ dollarından imtina hər iki ölkənin gündəmi olduğundan, bu sahədə gerçək razılığ əldə edilə bilər”.
Murad Əhmədov, Bizim.Media