“Azərbaycan bölgədə ABŞ üçün ən yaxşı strateji tərəfdaşdır”.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bu sözləri Bizim.Media-ya verdiyi son müsahibəsində səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Metyu Brayza: "Minsk qrupu artıq ölüb"
- Cənab səfir, sizcə Amerikanın son illərdə Azərbaycana qarşı artan marağı nə ilə əlaqədardır?
- Azərbaycan həmişə Amerika üçün maraqlı ölkə olub. Ölkənin yerləşdiyi coğrafiya və neft-qazla bağlı sahib olduğu imkanlrı onu deməyə əsas verir ki, bura təkcə Amerika üçün maraqlı olmayıb. Bölgədə, xüsusən də, Azərbaycanda toqquşan maraqlar çoxdur.
- Amma son zamanlar Amerika rəsmilərinin Azərbaycana olan səfərlərinin artması bizə bunu deməyə əsas verir ki, bu dəfəki maraq Amerikanın Azərbaycana ənənəvi yanaşma ilə eyni deyil.
Vurğuladığınız nüans Rusiya-Ukrayna müharibəsinin yaratdığı yeni reallıqlarla bağlıdır. Çünki, Rusiya neftinə qoyulan qadağalar onun bölgədəki digər neft ölkələrinə olan maraqlarını dəyişəcək və bir növ onların Avropanın əsas neft-qaz təminatçısı olması Rusiyanı qıcıqlandıracaq . Rusiya hər vəchlə güclənməkdə olan ABŞ - Azərbaycan münasibətlərinə mane olmağa çalışacaq.
- Sizə ABŞ dövlət katibi Blinkenin Azərbaycana səfəri də məhz bununla bağlı idi?
- Bayden və Blinken son dönəmlərdə Azərbaycan prezidenti İlham Əliyevlə olan təmaslarını artırıblar. Bunun əsas səbəblərindən biri odur ki, Amerika bölgədəki tərəfdaşı kimi Azərbaycanı itirmək istəmir. Azərbaycan Türkmənistanla birlikdə Avropa üçün müəyyən mənada enerji təminatçısına çevirilə bilər. Neft-qaz imkanlarından əlavə, Azərbaycan tranzit ölkə kimi də, əhəmiyyətlidir. Amerika həmçinin Türkmənistan neftinin Rusiya yox, Azərbaycan vasitəsilə Avropaya çıxmasının tərəfdarıdır. Bu baxımdan Azərbaycan təkcə Amerika rəsmilərinin yox, eyni zamanda da Avropa rəsmilərinin diqqətindədir.
- Uzun müddət Azərbaycanda çalışmış bir səfir kimi Azərbaycanın daha hansı özəlliklərini vurğulaya bilərsiniz?
- Birinci, buradakı azadlıqlardan başlamaq istərdim. Azərbaycan etnik yox, dünyəvi dövlətdir. Burada bütün dinlərin nümayəndələri azad şəkildə öz ibadətlərini edə bilirlər. Azərbaycanda siyasi və iqtisadi azadlıqlar təmin olunmaqdadır. Həmçinin Azərbaycanın qonşu olduğu ölkələrə baxsaq burada belə bir mühit qurmağın necə çətin olduğunu anlayarıq. Bir qonşu ilə Azərbaycan uzun illərdir müharibə şəraitindədir. Başqa bir qonşu şəriət dövləti qurub və din adı ilə hər şey edir. Digər Şimal qonşu Rusiya ilə bağlı isə hər şey ortada olduğu üçün nə isə deməyə lüzum görmürəm.
- Azərbaycanın bu günə kimi keçdiyi keşməkeşli yol haqqında məlumatlısınız. Bəs nə üçün ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycana sülh yolu ilə işğal olunmuş əraziləri geri qaytarmağa kömək edə bilmədi?
- Sülhün əldə olunması və problemlərin sülh yolu ilə həll edilməsi uzun sürən bir prosesdir. ABŞ həmişə Cənubi Qafqazda yekun sülhün yaradılmasının tərəfdarı olub. Azərbaycanla yaxınlaşmanın ən yaxın yolu birbaşa təmasları artırmaqdır. Mən səfir olduğum müddətdə bunu həmişə ABŞ rəsmilərinə və o zamankı Prezident Administratsiyasına deyirdim. İndi isə sevindirici məqam ondan ibarətdir ki, son günlərdə təmaslar ikili istiqamətdə artıb. Həm ABŞ rəsmiləri Azərbaycana, həm də Azərbaycan rəsmiləri ABŞ-a səfərlər edirlər.
Leyla Şah, Bizim.Media