Dünya siyasətində elə iri dövlətlər var ki, sözləri hər yerdə istər münaqişələrdə, istərsə də iqtisadi və digər məsələlərdə həlledici rol oynayır. İllər boyu öz qanunlarını hər yerdə diktə edə bilən ABŞ dünyanın ən güclü qüvvələrindən biridir.
Demokratiyanın beşiyi sayılan ABŞ-da baş verən iğtişaşlar isə ölkənin bu missiyanın öhdəsindən yetərincə gələ bilməməsini gözlər önünə gətirdi.
Bəs, ABŞ-da baş verən son hadisələr dünya siyasətinə, xüsusi ilə özünü demokratiya beşiyi sayan ölkələrə presedent ola bilərmi?
Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Bizim.Media-ya açıqlamasında bildirib ki, hər bir dövlətin öz daxili siyasəti var.
MÖVZU İLƏ BAĞLI:
“Co Bayden gələndən sonra ABŞ parçalanacaq” – Asim Mollazadə
Onun sözlərinə görə, ABŞ-da baş verən son hadisələr də dövlətin daxilində gedən və ətrafa təsir edə bilmə gücünə malik olmayan proseslərdir:
“Hər bir dövlətin sistemində öz siyasi özəllikləri var. Burada onun özünəməxsus hadisələr baş verə bilər. Hansısa böyük ölkədə baş verən hadisələr və ya iğtişaşlar epidemiya və ya yoluxucu xəstəlik deyil ki, digər ölkələrə də yayılsın. ABŞ-da da baş verən hadisələr onun siyasi kursuna xas olan, və ondan doğan problemlərdir”,- deyə o, bildirib.
Millət vəkilinin fikrincə, əslində ABŞ dövləti özü ölkədə baş verən hadisələrdən bir növ ibrət dərsi götürməlidir.
Onun sözlərinə görə, Vaşinqtondakı iğtişaşlar dövlət idarəçiliyində olan boşluqları ortaya çıxardı.
“Bu gün biz ABŞ-da çox ciddi monopolit problemləri gördük. Söhbət mətbuat və digər sahələrdə olan monopolitlərdən gedir. Mənim fikrimcə, bu hadisələrdən məhz, ABŞ özü ibrət dərsi götürməlidir. İdarəçilikdə, ümumiyyətlə digər sahələrdə olan boşluqlara bir daha nəzər salıb, onları yenidən bərpa etməlidir”,- deyə o, fikrini tamamlayıb.
Xatırladaq ki, ABŞ prezident Donad Trampın məğlubiyyətini qəbul edə bilməyən kütlə yanvarın 6-da Vaşinqtonda etiraz aksiyaları keçirib.
Nəticədə Tramp tərəfdarları Konqres binasına basqın ediblər. Hadisə zamanı 4 vətəndaş həlak olub, 14 polis yaralanıb.
Vüsalə Balayeva, Bizim.Media