Jurnalistin qətlindən 30 il ötür - Unutmayaq - VİDEO

Jurnalistin qətlindən 30 il ötür - Unutmayaq - VİDEO

Hazırda oxunan: Jurnalistin qətlindən 30 il ötür - Unutmayaq - VİDEO

7916

Qarabağ müharibəsinin gərgin dövründə, soyuq yanvar günlərində Laçından daha bir bəd xəbər gəldi - Jurnalist Salatın Əsgərova Şuşa-Laçın yolunda qətlə yetirildi. 

Bizim.Media xəbər verir ki, onu cəbhə bölgəsinə getməmək fikrindən dəfələrlə yayındırmağa çalışsalar da, bunu özünün Vətən qarşısında borcu sayırdı.

Elə həyatını da Vətənə xidmətdə qurban verdi. 

1991-ci il yanvarın 9-da Laçından növbəti reportajdan qayıdarkən erməni terrorçuları onu hədəfə aldılar.

Yaraqlılar Laçın-Şuşa yolunun 6-cı kilometrliyində, Qaladərəsi kəndi yaxınlığında Sovet Ordusuna məxsus “UAZ-469” markalı hərbi maşını gülləbaran edərək, “Molodyoj Azerbaydjana” qəzetinin xüsusi müxbiri Salatın Əsgərova və bölgədəki hərbi komendantlığın qulluqçusu olan 3 rus zabiti qətlə yetirdilər.

Ermənilər hərbi maşını üç istiqamətdən – öndən, arxadan və soldan həm avtomatdan, həm də snayper tüfəngindən güllələyiblər.

Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə izi sayıblar. Onların bir qismi yaxın məsafədən birbaşa Salatın Əsgərovaya sıxılıb. 

Hadisədən sonra Salatın Əsgərova və rus hərbçilərin qatilinin Arno Mkrtçyan, Qraçik Petrosyan, Arvid Manqasaryan, Qaqik Arustamyan olduğu müəyyənləşib.

Onlar 1991-ci ilin mayında həbs olunublar.

1993-cü ildə isə barələrində ölüm hökmü çıxarılıb. 1996-cı il mayın 8-də cinayətkarlar Ermənistana təhvil verilib. Erməni tərəfi jurnalistin və hərbçilərin qatillərinin cəzalandırlıacağına söz versə də, vədini yerinə yetirməyib.

Bir müddət sonra qatillər azadlığa buraxılıb. Bununla rəsmi İrəvan sovet zabitlərinin və jurnalistin qətlə yetirilməsinə haqq qazandırmış olub.

Salatın Əsgərova Azərbaycanın müstəqilliyi və torpaq bütünlüyü uğrunda canlarını qurban verən vətən oğulları ilə eyni sırada, Şəhidlər Xiyabanında uyuyur.

Ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Bakı şəhərində Salatın Əsgərovanın adına bir küçə var.

Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu kənd isə Salatınkənd adlanır.

Bizim.Media

 









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO