“Nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı danışıqlar formatı ümumi prosesin ən işlənmiş, ən real görünən istiqamətidir. Burada artıq, demək olar ki, bütün hazırlıq işləri həyata keçirilib”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Fərhad Məmmədov səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan XİN-in ittihamına Fərhad Məmmədovdan CAVAB: “Bu yeni eskalasiyalara səbəb ola bilər”.
Belə ki, bu gün Moskvada baş tutacaq Cənubi Qafqazda regional kommunikasiyaların açılması üzrə işçi qrupun iclasını şərh edən politoloqun sözlərinə görə, nəqliyyat xətlərinin açılmasını delimitasiya prosesindən kənar baxmaq mümkün deyil:
“Çünki, ən azı nəqliyyat dəhlizlərinin ölkələrə giriş-çıxışı olan yerlər müəyyən olunmalıdır və həmin ərazilərdə delimitasiya-demarkasiya prosesi başa çatmalıdır ki, Azərbaycan, Ermənistan sərhədçilərinin harada dayanacaqları müəyyənləşdirilsin və s. Ümumilikdə isə bir neçə istiqamət üzrə gedən danışıqlar prosesinin bu istiqamətində konkret qərarların qəbul edilməsinə daha yaxınıq”.
Fərhad Məmmədov qeyd edib ki, regional kommunikasiyaların açılmasında, həm Avropa İttifaqı, həm də Rusiya maraqlıdır:
“Lakin bir ziddiyətli məqam var ki, bu bütün iştirakçı tərəflərə maneə yaradır: Bu yanaşmadır və ondan ibarətdir ki, üçtərəfli bəyanatlarda öz əksini tapan “maneəsiz” ifadəsi necə işlənib hazırlanacaq? Avropa İttifaqı rəhbərinin bəyanatında əks olunan prinsip kommunikasiyalar üzərində suverenliyin qorunmasıdır. Bu məsələnin hansı formada işlənib hazırlanacağını müəyyənləşdirməyə ehtiyac var. Çünki burada Zəngəzur dəhlizi ilə Laçın dəhlizlərinin, yaxud da Gorus-Qafan yolunun istifadə qaydaları eyniləşdirilməsi variantları var”.
Politoloqun sözlərinə görə, bütün bu xırdalıqlar əldə olunacaq qərarda öz əksini tapmalıdır:
“Burada iki fərqli baxış var və danışıqların əsas predmeti, zənnimcə, bu mövzudur. Qərarların qəbul olunmasına da əsas maneə budur. Yekun olaraq qeyd edək ki, texniki tərəfinin həllində ən çox irəlidə olduğumuz istiqamət nəqliyyat istiqaməti olsa da, qeyd olunan maneəni necə aşacağımız maraq doğurur”.
Murad Əhmədov, Bizim.Media