Son 10 gündə Kürdə suyun səviyyəsi 3 metrdən çox qalxıb

Son 10 gündə Kürdə suyun səviyyəsi 3 metrdən çox qalxıb

Hazırda oxunan: Son 10 gündə Kürdə suyun səviyyəsi 3 metrdən çox qalxıb

74448

Bir neçə ildir ki, Kür çayında suyun səviyyəsinin normadan aşağı düşməsi Neftçala və Salyan rayonlarında ciddi problemlərə səbəb olurdu. Bu problem ildən-ilə daha da kəskinləşir, dəniz suyu Salyana qədər irəliləyirdi. Nəticədə də Kürdə kiçik adalar əmələ gəlir, nasoslar tam gücü ilə işləmirdi.

Aprel ayının ikinci on günlüyündə havaların quraq keçməsi səbəbindən dəniz suyu yenidən 60 kilometr Salyana doğru irəliləmişdi. Neftçala rayonunda su nasoslarının tamamilə dayandırılması əkin sahələrinin susuz qalmasına səbəb olmuşdu.

Son günlər isə havaların qeyri-sabit keçməsi və ölkə ərazisinə intensiv yağışların düşməsi, Kür çayına sol tərəfdən tökülən Göyçay, Turyançay, Girdmançay çaylarında suyun səviyyəsinin artması Kür çayına da öz təsirini göstərib. Təkcə son 10 gündə Kürdə suyun səviyyəsi 3 metrdən çox qalxıb.

Salyan rayon sakini Fərzalı Hüseynov deyir ki, bu günlər Kür çayının səviyyəsi bizi sevindirir, çünki Kürdə bol sululuq əmələ gəlib, nasoslarla rahat su götürə bilirik.

Salyanın daha bir sakini Gülər Piriyeva bildirir ki, Kürdə suyun artması təkcə təsərrüfat üçün faydalı olmayıb, həm də Kürün suyu təmizlənib.

Ekologiya  və  Təbii  Sərvətlər   Nazirliyinin  Milli  Hidrometerologiya  Departamentinin baş hidroloqu Asif Verdiyev Bizim.Media-nın cənub bürosuna müsahibəsində bildirib ki, may ayının birinci və ikinci ongünlüyünün əvvəlində ölkə ərazisinə yağan intensiv leysan yağışlar nəticəsində çaylarda sululuq xeyli artıb.

Bu artım özünü Kür çayının səviyyəsində də göstərib. Belə ki, may ayının bu ilk yarısında Kürün Zərdab rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 1.86 metr, Suğrada 2 metr, Şirvanda 2 metr 10 sm, Salyanda 3 metr, Bankə məntəqəsində isə 67 sm artıb.

Baş hidroloq onu da əlavə edib ki, 2021-ci ilin yay dövründə hava şəraitinin yağmursuz keçməsi, temperaturun yüksək olması, anomal istilərin olması suyun səthində buxarlanmanın çox olması Kürün aşağı hissəsində sululuğun xeyli azalmasına səbəb olmuşdu:

“Hazırda bu il çaylarda ötən illə müqayisədə gur sululuq dövrü müşahidə olunsa da, yenidən  Kürün aşağı hissəsində ötən ilki prosesin baş verməsi yenə də aktual olaraq qalır”.

Elşən Feyzullayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO