“Rusiya-Ukrayna müharibəsinin yaratdığı fəsadlar çox uzun çəkəcək. Ruslar ağırlaşan sanksiyalar altında hətta sovet dönəmindəki vəziyyətdən də ağır şəraitdə yaşayacaqlar”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza söyləyib.
MÖVZU İLƏ BAĞLI:
Metyu Brayza: “2022-ci ildə ABŞ Azərbaycanla münasibətlərə daha ciddi fikir verəcək”
Cənab Brayza Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellin “ikinci dünya müharibəsindən sonra ilk dəfə Ukrayna müharibəsinin Avropa üçün ciddi təhlükə yaratdığı” fikir ilə razı olduğunu da dilə gətirib:
“İkinci dünya müharibəsi də Almaniyanın Polşanın suveren ərazisinə hücumu ilə başlamışdı. Polşanı ələ keçirən Hitler, daha sonra SSRİ-yə hücum etdi və diqqət çəkmək istəyirəm ki, o zaman ələ keçirilən ilk ərazi də məhz Ukrayna olmuşdu. Daha sonra Sovet vətəndaşı olan digər insanlar da bu işğaldan əziyyət çəkməyə başladılar. İndi Rusiyanın Ukraynaya hücumu da məhz eyni mübahisə zəmnində baş verib. Məhz ikinci dünya müharibəsində də etnik təmizləmə siyasəti yürüdülürdü”.
Metyu Brayza qeyd edib ki, 1990-cı illərdə xatırlayırsınızsa, Balkan yarımadasında da müharibələr və silahlı toqquşmalar baş vermişdi, amma heç birinin həcmi bu qədər dağıdıcı olmamışdı.
Putinin son addımlarını da təhlil edən Brayza onun haqqında bu fikirləri söyləyib:
“Rusiya prezidenti iddia edir ki, Ukrayna xalqı Zelenskini seçməklə doğru seçim etməyib. Bu fikri əsas tutaraq, Putin münaqişəni hərbi mərhələyə keçirib. İndi rus hərbiçiləri Ukrayna xalqı ilə düşmən kimi davranırlar, amma halbuki ukraynalıların ruslar ilə heç bir ədavəti olmayıb, onlar bacı-qardaşdırlar”.
Keçmiş səfir vurğulayıb ki, hal-hazırda NATO-nun üzvü olan dövlətlər Ukraynanın azadlıq mübarizəsində ona kömək etməyə hazırdırlar.
“Bunun üçüncü dünya müharibəsinə gətirib çıxaracağını isə deyə bilmərəm”, - söyləyən Brayza Rusiyanın tənəzzülə gedən vəziyyəti haqqında fikir bildirib:
“Məncə prezident Putin mümkün qədər tez bu müharibəni dayandırmalıdır. Əks halda çətin ki, Rusiya iqtisadiyyatı Avropa İttifaqı və Amerikanın təzyiqləri altında sağ qala bilsin. Təbii ki, Putin müharibəni, öz təbirincə desək, ən yaxşı nöqtəni qoyandan sonra bitirmək istəyir. Ola bilər ki, o, yenidən müharibədə gərginliyi artırsın. Artan bu gərginlik heç şübhəsiz Avropaya da təsir göstərərcək”.
Müharibənin uzun müddət davam etməsinə gəlincə isə kemiş səfir, “ən böyük əziyyəti Rusiya xalqı çəkəcək. Ruslar ağırlaşan sanksiyalar altında hətta sovet dönəmindəki vəziyyətdən də ağır şəraitdə yaşayacaqlar”, - deyərək fikirlərini yekunlaşdırıb.
Leyla Şah, Bizim.Media