“Son 20 ildə Bakı və Abşeron ərazisində tikilmiş 2000-ə yaxın çoxmənzilli yaşayış binasının böyük əksəriyyətinin mərkəzi istixanası yoxdur”.
Bunu Bizim.Media-ya açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev fərdi kombilərdən istifadədə artım və onların təhlükəliliyi məsələsinə münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə Sövetlər dönəmində bütün köhnə binaların mərkəzləşmiş formada istilik sistemi var idi.
Hansı ki, soyuq havalarda evlər həm istiliklə, həm də isti su ilə təmin olunurdular:
“Lakin illər sonra bunların böyük əksəriyyəti ləğv olundu. Bəzi köhnə 4 və 5 mərtəbəli binalarda mərkəzi isitmə sistemi qalır. Mərkəzləşmiş istilik sistemi həm təhlükəsiz, həm də qənaətcildir. Bir qazanxana təxminən 8-10 binanı isidə bilir. Burada həm də qaza qənaət olunur. Yeni tikili binalarda isə belə deyil və vətəndaşlar fərdi şəkildə evlərinə kombi çəkirlər. Bir kombinin təxminən qiyməti 800-1500 manat arasında dəyişir. Onun çəkilməsi, qurğuların quraşdırılması vətəndaşa baha başa gəlir. Bir binanın həyətində qurğu qurularsa, həmin binaya verilən qazın suyun və işığın pulu mənzil qiymətinə deyil, çox baha, yəni özəl sahə qiymətinə satılır. O baxımdan MTK-lara da bu, bir növ maraqlı deyil. Çünki xərc daha çox çıxır. 100 mənzillik binada ortalama 100 min manat yalnız vətəndaşların kombisinin pulu edir”.
Ekspert fərdi kombilərdə təhlükəlilik məsələsinə də toxunub. O, deyib ki, qurğular açıq eyvanda qurulur deyə, partlama təhlükəsi o qədər də yoxdur:
“Bunun təhlükəli tərəfi başqadır. Tutaq ki, 100 mənzilli binada hər kəs öz evinə kombi qoyursa, eyvandakı borudan çıxan zəhərli qaz birbaşa ekologiyaya axır. Bakının küləkli şəhər olmasını nəzərə alsaq, evlərdən çıxan zəhərli tüstü bir-birinə qarışır. 2000 yeni binadakı mənzillərin, eləcə də minlərlə köhnə binalardakı evlərin kombilərinin sayını hesablasaq, ekologiyaya nə qədər ciddi zərər vurulduğunun fərqinə varmış olarıq.
Havanı bir tərəfdən kombilər, digər tərəfdən isə avtomobillər zəhərləyir. Bu isə nəticə etibarilə insan orqanizminə mənfi fəsadlarını göstərmiş olur.
Fərdi kombidən istifadə həm də cibə ziyandır. Vətəndaş qış aylarında ümumi sahəsinə görə ayda 50-150 manat arası qaza pul verir. Amma bu, mərkəzləşmiş formada olsa, vətəndaş həmin məbləğin üçdə birini ödəmiş olar”.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:30 / 08.04.2022
Eyvanları bürüyən KOMBİ boruları – Fərdi evlərdən YIĞILIR?
Hazırda oxunan: Eyvanları bürüyən KOMBİ boruları – Fərdi evlərdən YIĞILIR?
Hazırda oxunan: Eyvanları bürüyən KOMBİ boruları – Fərdi evlərdən YIĞILIR?
68541
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.