Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozovu qəbul edib. Qonaq çıxışı zamanı Ramazan ayının başlanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Bizim.Media Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir ki, Razvozov Azərbaycanın gözəl bir ölkə olduğunu vurğulayaraq uzun illər xalqlarımız arasında dostluq və qarşılıqlı anlaşma əlaqələrinin mövcud olduğunu məmnunluqla bildirib.
O, yəhudi icmasının ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşamasının İsraildə yüksək qiymətləndirildiyini deyib və bu baxımdan Azərbaycanın nümunəvi ölkə olduğunu vurğulayıb.
“İsrail həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz ölkənizin ərazi bütövlüyünün bərpa olunmasını alqışlayırıq. Bu, çox önəmlidir”, - deyən qonaq Ermənistanla Azərbaycan arasında danışıqların uğurlu olacağına və bunun da regionda sabitliyin möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvarlığını bildirib.
Yoel Razvozov İsrail şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, ağıllı şəhər, energetika, su təchizatı və digər sahələrdə iştirak etməkdə də maraqlı olduqlarını deyib.
Azərbaycanın biznes üçün çox yaxşı imicə malik olduğunu vurğulayan İsrailin turizm naziri ölkəmizdə biznes fəaliyyəti üçün təhlükəsiz və təminatlı şəraitin mövcudluğunun İsrail şirkətləri üçün cəlbedici olduğunu qeyd edib.
Yoel Razvozov bu il Azərbaycanla İsrail arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin də qeyd olunduğunu vurğulayıb.
Bizim.Media