Balasanyan Rusiyaya “baş qaldırır”

Balasanyan Rusiyaya “baş qaldırır”

Hazırda oxunan: Balasanyan Rusiyaya “baş qaldırır”

6791

28 dekabr tarixində qondarma rejimin “Təhlükəsizlik Şurası”nın katibi Vitaliy Balasanyan verdiyi açıqlamada rejim mənsublarının Rusiya ilə Dağlıq Qarabağda “rəsmi” əməkdaşlıq etdiklərini qeyd edib. 

Rəsmi Bakının Qarabağın Azərbaycan ərazisi olduğu barədə açıqlamalarının reallıqdan çox uzaq olduğunu qeyd edən Balasyan, sərhədlərin müəyyən olunmasının şərti xarakter daşıdığını və bu məsələyə gələcəkdə yenidən baxılacağını da əlavə edib. 

Maraqlı məqam odur ki, heç bir dövlət tərəfindən rəsmi olaraq tanınmayan qondarma rejim necə ola bilər ki, Rusiya ilə “rəsmi” əməkdaşlıq etdiyini elan edir?

Təktərəfli şəkildə Rusiya ilə olan münasibətlərə “rəsmi” əməkdaşlıq donu geyindirmək, Rusiyanın bölgədəki sülhməramlı fəaliyyətinə kölgə salmaqdan başqa bir məqsədə xidmət etmir. Açıqlama Rusiyanın qondarma rejimlə əməkdaşlığı məsələsini gündəmə gətirir ki, bu da Azərbaycanın ərazi bütövlüyünü tanıdığını qeyd edən Rusiyanın Azərbaycandakı imicinə xələl gətirmək və qarşılıqlı münasibətləri hədəf alınmaq deməkdir.

Digər tərəfdən Balasyanın açıqlaması 10 noyabrda imzalanmış üçtərəfli müqavilənin şərtləri haqqında da qaranlıq məqamları yenidən gündəmə gətirir. Bəlkə Balasyan müqavilə haqqında Rusiya prezidenti Vladimir Putindən daha çox şey bildiyini iddia edir və məhz bu səbəblə də, Dağlıq Qarabağın Azərbaycana aid olması ilə bağlı açıqlamalara ciddi yanaşmır.

Bəlkə də Rusiya prezidentinin rəsmi açıqlaması Qarabağdakı qondarma rejim və şəxsən Balasyan üçün bir əhəmiyyət kəsb etmir və mənasız söz yığınından başqa bir şey deyil.

Ən azından Balasyanın açıqlamaları bu cür düşünməyə vadar edir.

Balasyan qondarma rejimin Silahlı Qüvvələrində planlaşdırılan dəyişikliklərdən də danışır. Dağlıq Qarabağda sərhəd qoşunları ilə yanaşı “Təhlükəsizlik Şurası”na tabe olacaq “Müdafiə Ordusu” formasında daimi qoşunların yaradılacağını, bu orduya da özünün rəhbərlik edəcəyini qeyd edir. Balasanyan daha əvvəl Ermənistanda iki günlük səfərdə olduğunu, Ermənistan Müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşlər keçirdiyini, onlarla iki erməni ordusunun qarşılıqlı əlaqəsi məsələlərini müzakirə etdiyini də əlavə edir.

Xatırladaq ki, 10 noyabr razılaşmasına əsasən Dağlıq Qarabadakı erməni silahlı qüvvələri tədricən Rusiya sülhməramlıları ilə əvəz olunmalıdır.

Bu prosesin sonunda isə Dağlıq Qarabağda silahlı erməni birləşmələrinə aid heç nə qalmayacaq, bölgə rus sülhməramlılarının nəzarətinə keçəcəkdi. İndi Balasyanın yeni “erməni ordusu” haqqındakı açıqlamalarını necə başa düşək? 

Əgər Dağlıq Qarabağda erməni birləşmələri öz yerində qalacaqdısa, Rus sülhməramlılarının bölgəyə gətirilməsinin məqsədi nə idi? Bəlkə sülhməramlı kimi önəmli bir missiyasını həyata keçirəcək olan rus hərbçiləri öz rolunu icra edə bilmir? Ən azından Balasyanın açıqlamaları bizə bu istiqamətdə ip ucları verir. 

Balasyanın açıqlamasının tərcüməsi belədirmi ki:

Rus ordusu müqavilənin icra olunması işini həyata keçirməkdə yetərsizdir? Məhz bu səbəblə də Balasyan Qarabağda yeni “erməni ordusunun” yaradılacağının anonsunu belə rahatca verə bilir?

Balasyan açıqlamasında eyni zamanda yanvarın 1-dən etibarən polis alkoqol və ya narkotik istifadə edən bütün vətəndaşları ciddi şəkildə cəzalandıracağını və bu qərarın eyni zamanda rus sülhməramlılarına da şamil olunacağını əlavə edir!

Bu yerdə Dağlıq Qarabağda kimin söz sahibi olması məsələsi həqiqətən maraqlıdır. Bəlkə, rus sülhməramlılarına Rüstəm Muradov yox, elə Balasyan rəhbərlik edir?

Çünki, belə olmasaydı, rus sülhməramlılarına erməni polislərinin cəza kəsəcəyi faktını izah etmək mümkün deyil. 

Balasyan qondarma rejimin hələ də fəaliyyətdə olduğunu bildirməklə dolayısı ilə rus sülhməramlılarının öz vəzifələrini icra edə bilmədiklərini, müəyyən mənada ermənilərdən asılı olduqlarını, onların sözləri ilə hərəkət etdiklərini göstərməyə çalışır. Bu cür açıqlamlar birbaşa Rusiyanın həm bölgədəki, həm də dünyadakı nüfuzuna zərbə vurmağa hesablanıb. Balasyanın bu qəbildən olan çıxışları hər şeydən əvvəl Rusiyanın bölgədəki maraqlarına qarşı yönələn və erməni xislətindən irəli gələn davranışdır.

Bəlkə, Balasanyan sadəcə olaraq ermənilərin Qarabağla bağlı narahatlıqlarını yatırtmaq üçün bu cür açıqlama verib.

Lakin, Rusiya doğrudanmı hansısa narahatlığı aradan qaldırmaq üçün öz adına çıxarılan şayiələrə göz yumur? Əgər belədirsə, regionda narahatlıq yaşayan tərəf tək ermənilər deyil. 10 noyabrdan etibarən Azərbaycan xalqı da narahatdır və bu narahatlığın səbəbi də ermənilərin özlərini gələcəkdə Qarabağda necə aparacaqlarıdır. Çünki, ermənilərin yenidən at oynatmaq istəyi onlara çox baha başa gələ bilər. Və belə olan halda, rus sülhməramlısı yaranmış vəziyyətdən sadəcə həzz alacaq. 

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO