“Hicran” tamaşası 49 il sonra YENİ QURULUŞDA - Əsas obrazları kimlər ifa edəcək?   

“Hicran” tamaşası 49 il sonra YENİ QURULUŞDA - Əsas obrazları kimlər ifa edəcək?   

Hazırda oxunan: “Hicran” tamaşası 49 il sonra YENİ QURULUŞDA - Əsas obrazları kimlər ifa edəcək?   

66978

Azərbaycanın teatr tarixində elə tamaşalar, səhnə əsərləri olub ki, illər ötsə də populyarlığını itirmir. Tamaşaçı sevimli tamaşasına dəfələrlə baxır,  ötüb keçən illər ərzində itirdiyi sənətkarların xatirəsini bu əsərləri sevərək yad edir.  

Dəfələrlə seyr etməmizə baxmayaraq, hər səhnəsini əzbərlədiyimiz, zərb-məsələ çevrilən replikaları ilə yaddaşlarda yaşayan sənət əsərlərindən biri Sabit Rəhman və Emin Sabitoğlunun “Hicran” musiqili komediyasıdır.  

İlk dəfə 1973-cü ildə görkəmli rejissor Şəmsi Bədəlbəylinin quruluşunda tamaşaya qoyulan “Hicran” musiqili komediyası, üzərindən on il keçdikdən sonra, 1983-cü ildə televiziya üçün lentə alınır.  

39 ildir bayramlarda, əlamətdar günlərdə televiziyadan evlərimizin qonağı olan, böyük sənətkarlar - Nəsibə Zeynalova, Səyavuş Aslan, Hacıbaba Bağırova baxaraq ürəkdən gülür və gülə-gülə bu tamaşanı ərsəyə gətirənlərə rəhmət oxuyuruq.

"Hicran" musiqili komediyasının tarixində ikinci quruluş 1993-cü ildə Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmova aiddir. 

Firudin Məhərrəmov tamaşanın ikinci quruluşunun tarixçəsindən Bizim Media-ya söz açıb:

“1993-cü ildə Musiqili Komediya Teatrının direktoru Qəzənfər Topçiyevin dəvəti ilə S.Rəhman və E.Sabitoğlunun”Hicran” musiqili komediyasını yeni quruluşda hazırladım. Həmin vaxtlar respublikada olan ictimai-siyasi vəziyyət, teatrlara da siraət etmişdi. Hacıbaba Bağırov və ona yaxın olan bir qrup aktyorlar teatrdan ayrılıb, “Tənqid-Təbliğ Teatrı”nda çalışırdılar. Nəsibə Zeynalovanın səhhəti qaydasında deyildi. Teatra xəstə-xəstə gəlib gedirdi. O ərəfələrdə Teatrda xəbər yayıldı ki, “Hicran” tamaşası yenu quruluşda hazırlanacaq.

Onu deyim ki, mənə qarşı çoxlu təzyiqlər yaranmışdı. Mənə xəbər göndərirdilər ki:

“Bu tamaşanı zamanında oynayıb, möhürünü vurublar. Yenidən bu əsərə müraciət etməyin mənası yoxdur. Onsuzda uğurlu alınmayacaq. Sən, hələ cavansan. Bu tamaşanı hazırlamaqla özünü yandırarsan və.s.” Amma mənə qarşı olan təzyiqlərə, müxalif fikirlərə baxmayaraq, “Hicran” musiqli komediyası üzərində yaradıcılıq işinə başladıq. 

Tamaşada Qızbacı obrazını Xalq artisti Afaq Bəşirqızı, Mitoş rolunu Sabir Sultanov, Dadaşbala surətini isə Əməkdar artist Ələkbər Əliyev ifa etmişdi. Hicran rolunda Gülcahan Salamova, Orxan obrazında Əməkdar artist Nadir Xasıyev, Çarliston rolunda mərhum aktrisa Gülnar Salmanova, Fatı surətini isə Əməkdar artist Zemfira Quliyeva ifa edirdi. Sizə deyim ki, bu aktyorların dublyorları da var idi. Tamaşanın tərtibatını, görkəmli rəssam Elbəy Rzaquliyev hazırlamışdı. Emin Sabitoğlu musiqili komediyanın məşqlərində iştirak edirdi. Musiqiləri şəxsən diqqətdə saxlayırdı.

Maraqlı tamaşa alınmışdı. Hətta Emin Sabitoğlu tamaşanın televiziya vasitəsilə çəkilişini də təşkil etmişdi. Təəssüf olsun ki, çəkilişin olacağı gün Afaq xanımın səhhətində problem yarandı və tamaşanın lentə alınması baş tutmadı.
İndi çox təəssüf edirəm ki, tamaşadan bir kadr belə qalmayıb. Məndə qalan o dövrdə “Xalq qəzeti”ndə dərc edilən kiçik yazıdır. Həmin yazını və fotonu saxlamışam. O illərdə Musiqili Komediya Teatrının binası təmirdə idi. Amma buna baxmayaraq, “Hicran”ı bir müddət nümayiş etdirdik. Tamaşa ilə bağlı bir faktı da deyim ki, görkəmli sənətkarımız Səyavuş Aslan, Dadaşbala obrazını ifa edən Ələkbər Əliyevi bəyəndiyini deyərək, şəxsən təbrik etmişdi”.

Xalq artisti Firudin Məhərrəmovun 1993-cü ildə nümayiş edilən “Hicran” la bağlı fikirlərindən sonra, belə məlum oldu ki, tamaşaya 29 ildir müraciət edilməyib. 


İlk dəfə səhnəyə qoyulmasından 49, son dəfə səhnə həllindən 29 il ötdükdən sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Hicran” musiqili komediyasını yeni quruluşda hazırlamağa başlayıb. 

Bu barədə Bizim.Media-ya açıqlama verən tamaşanın rejissoru, Əməkdar artist, Kukla Teatrının baş rejissoru Qurban Məsimov yeni “Hicran”ın əvvəlkindən çox fərqli olacağını deyir:

“İndiki “Hicran” başqa olacaq. Təbii ki, tamaşaçıların yaddaşında görkəmli sənətkarlarımız Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslanın yaratdığı məşhur üçlük qalıb. Yeni “Hicran”da üslub, quruluş tam fərqlidir. Artıq tamaşanın musiqi məşqlərinə başlamışıq. Əslində tamaşanın yeni quruluşda yaranma ideyası pandemiyadan əvvəl mövcud idi. Amma iki illik pandemiya işlərimizi yarımçıq qoydu” deyə Qurban Məsimov əlavə edib. 

Yeni quruluşda hazırlanacaq “Hicran”da əsas obrazları kimlər ifa edəcək?  Bu sual hər kəsə maraqlıdır.

Əməkdar artist Qurban Məsimov yeni “Hicran”ı iki aktyor heyəti ilə hazırlayacağını bildirib.

Belə ki, yeni quruluşda olacaq “Hicran”da  Mitoş rolunu Əməkdar artistlər Çingiz Əhmədov və İqrar Salamov, Dadaşbala rolunu Əməkdar artist Əkbər Əlizadə və aktyor Əliməmməd Novruzov, məşhur Qızbacı obrazını isə aktrisa Ülviyyə Əliyeva ifa edəcək. 

Tamaşanın quruluşçu dirijoru Fəxrəddin Atayev, quruluşçu rəssamı Mir Azər Abdullayev, konsertmeysteri Nərminə Əbdürrəhmanova olacaq.  
Əsərin baş qəhrəmanı olan “Hicran”obrazını Beynəlxalq Müsabiqələr laureatı Aydan Həsənova və Ayan Qurbanova-Tohidi, “Hicran”ın sevimli nişanlısı Orxan obrazını isə Emil Zeynallı və Sübhan Rüstəmov ifa edəcək.  

Ülviyyə Həsənqızı Bizim Media 




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO