Rusiya və Türkiyənin PUA rəqabəti – Azərbaycan üçün təhlükə

Rusiya və Türkiyənin PUA rəqabəti – Azərbaycan üçün təhlükə

Hazırda oxunan: Rusiya və Türkiyənin PUA rəqabəti – Azərbaycan üçün təhlükə

6657

Rusiya Müdafiə Nazirliyi öz veb saytında ən müasir silahların fotoşəkillərinin yer aldığı 2021 təqvimi yayımlanıb. Təqvimdə diqqət çəkən məqam “Orion” pilotsuz uçuş aparatlarının yeni silahlı versiyasına yer verilməsidir.

Təqvimin May ayı üçün ayrılmış hissəsində “Orion” pilotsuz uçuş aparatları ilə yanaşı, KAB-20 aviasiya bombalarının təkmilləşdirilmiş versiyaları daxildir. 21 kiloqramlıq peyk və ya lazerlə idarə olunan bombaların düşmənin yüngül zirehli maşınlarını və heyətini yüksək dəqiqliklə aşkar etmək və məhv etmək məqsədi daşıdığı qeyd olunub.

Xatırladaq ki, bu Rusiyanın pilotsuz uçuş aparatları ilə bağlı ilk təqdimatı deyil.

Yaxın günlərdə Rusiya Müdafiə Nazirliyi “Oxotnik” adlı uzun mənzilli, “hava-hava” və “hava-yer” tipli raketlərlə təchiz olunmuş pilotsuz uçuş aparatlarını da təqdim etmiş, yeni aparatların 2021-ci ildən etibarən ordunun silahlanmasına daxil ediləcəyi qeyd olunmuşdu.

Xüsusilə Qarabağdakı müharibədən sonra Rusiyanın pilotsuz uçuş aparatları sahəsində ardıcıl təqdimatlar həyata keçirməsi ciddi maraq doğurur.

Silahlı uçuş aparatlarından döyüş meydanında istifadə edilməsi artıq bir neçə on illikdir ki, dünya orduları tərəfindən istifadə olunan təcrübədir. Lakin bu vaxta qədər ancaq strateji əməliyyatlar və məlumat toplamaq məqsədi ilə istifadə olunan pilotsuz aparatlar Türkiyə tərəfindən bir neçə il öncə daha fərqli metodlarla istifadə olunmağa başlandı. 

İlk olaraq Şimalı İraqda, daha sonra isə Suriya və Liviyada istifadə olunan silahlı pilotsuz uçuş aparatları yüksək effektivlik və uğurla sınaqdan çıxarılmışdı. Lakin bu sahədə gündəmi müəyyən edən əsas hadisə pilotsuz aparatların Qarabağ müharibəsindəki istifadəsi oldu. 

Bu vaxta qədər Rusiya ağır texnikanın və tankların müharibənin taleyini müəyyən etdiyini düşünürdü.

Ölkənin hərbi strategiyası da məhz bu istiqamətdə qurulmuş, əsas investisiya “Armat” kimi ağır tanklara və “Sirkon” sinfi taktiki raketlərə ayrılmışdı. Lakin Qarabağda baş verənlər pilotsuz uçuş aparatlarının strateji yox kütləvi şəkildə istifadə olunduqda daha faydalı olacağını göstərdi. Artıq hər kəs üçün bu metodika ilə müqayisədə ağır texnikanın və xüsusilə tankların döyüş meydanında heç bir şansı olmadığı məlumdur.

Bu amil Rusiyanı yeni şərtlərə məcbur edən müəyyənedici faktor oldu. Rusiya artıq yeni növ müharibədə tanklardansa pilotsuz vasitələrdən istifadənin effektivliyini təcrübə edib. Bu səbəblə yeni hərbi strategiyada silahlı pilotsuz uçuş vasitələri istiqamətində daha ciddi işlərin görülməsinə başlanılıb. Bu digər tərəfdən də Rusiyanın pilotsuz vasitələr sahəsində Türkiyənin gücünü balanslaşdırmaq üçün atdığı addımlardır. 

Rusiyanın Türkiyə ilə gizli rəqabətinin Azərbaycan üçün də nəticələri uzun müddətli perspektivdə təhlükəlidir.

Çünki Rusiya Ermənistanın əsas silah tədarükçüsüdür. Əgər əvvəllər Rusiya Ermənistanı ağır texnika və tanklarla silahlandırırdısa, növbəti müddətdə silahlı pilotsuz uçuş aparatlarının da Ermənistana satılmasının şahidi ola bilərik. Rusiya bunu Azərbaycan və Türkiyənin regiondakı gücünü balanslaşdırmaq üçün edə bilər. Hərçənd ki, 44 günlük müharibənin gedişində bunun ilk örnəklərinin şahidi olmuşduq.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO