“Azərbaycanda Vətən müharibəsi başlayanda da Prezident Rəcəb Tayyib Ərdoğan ilk gündən dedi ki, biz hər cür şərtlərdə Azərbaycanın yanındayıq. Bu siyasi-mənəvi dəstək iki ölkənin xalqına, cəbhədə döyüşən Azərbaycan əsgərlərinə müsbət təsirini göstərdi. Azərbaycanın bu savaşdakı dəyanəti, Azərbaycan Ordusunun rəşadəti və diplomatik cinahda da atılan uğurlu addımlar nəticədə Ermənistanı məğlubiyyətini etiraf etməyə məcbur etdi”.
Bu sözləri Bizim Media-ya söhbətində Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib:
“Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı zəfəri bizimlə birlikdə Türkiyə də böyük coşqu ilə qarşıladı və bayram etdi. Açıq desək, Türkiyə və Azərbaycan qardaşlığı, əlaqələri digər Türk dövlətləri ilə müqayisədə çox fərqlidir. 44 günlük savaşda bir millət iki dövlət olmağımızın ən böyük qürurunu yaşadıq.
Biz eyni kökdənik, adət-ənənələrimiz, dinimiz, dilimiz birdir. Azərbaycanlıları da sevməyib kimi sevəcəyik?
Türkiyə ilə Azərbaycanın 70 il biri-birindən ayrı qaldığı zamanlarda belə bu bağ qopmayıb, davam edib. Sovetlər dönəmində Türkiyədə Azərbaycan Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin Ankarada yaratdığı Azərbaycan Kültür Dərnəyi fəaliyyət göstərirdi. Yeri gəlmişkən, mənim atam, dayılarım – Aküzümlər də Azərbaycan Kültür Dərnəyinə üzv olublar. Fevzi Aküzüm uzun illər bu dərnəyə rəhbərlik edib. İlham Aküzüm Türkiyədə yeganə azərbaycanlı nazir olaraq uzun müddət Mədəniyyət və İdman naziri kimi fəaliyyət göstərib.
Onu da deyim ki, biz Oğuz türklərinin Ayrım boyundanıq. Babalarım yüz illər öncə Türkiyənin şərqinə köç edib. Ata babalarımın kökü Gədəbəydəndir, amma anam Şuşa kökənlidir. Həyat yoldaşım Gül xanımın isə atası əslən Şuşadan, anası Gəncədəndir. Bu baxımdan Azərbaycan Ordusunun Şuşa zəfəri ailəmizdə ikiqat bayram ovqatı yaşatdı.
Digər bir önəmli məsələ odur ki, bu gün Türkiyə və Azərbaycan rəhbərliyinin çox yüksək səviyyədə əməkdaşlığı var. Mərhum Prezident Heydər Əliyevin belə bir fikri vardı:
“Mən Azərbaycanla Türkiyə arasında elə bir əlaqələr quracağam ki, kimsə bunu qopara bilməyəcək”.
Həqiqətən də bu gün münasibətlərimiz, aramızdakı bağlar o qədər möhkəmlənir ki, dünyada heç bir qüvvə bunu qoparacaq gücdə deyil. İki qardaş ölkə arasında reallaşan böyük layihələr bu bağları daha da möhkəmlətdi. Son illər yeni layihələrə start verildi.
Doğrudur, bir neçə il əvvəl Ermənistanla sərhədlərin açılması gündəmə gəlmişdi və bu münasibətlərimizə də müəyyən təsir göstərdi. Amma o vaxt Baş nazir olan Rəcəb Tayyib Ərdoğanın birbaşa müdaxiləsi nəticəsində münasibətlər yenidən bərpa edildi. O, Azərbaycan parlamentində də türk milləti adına bir vəd verdi: Ermənistan Azərbaycana işğalçılıq siyasətindən əl çəkməsə, sərhədlərin açılmasından söhbət gedə bilməz, dedi.
Qarabağ bizm tarixi torpaqlarımız olmaqla yanaşı, həm də xalqımızın qədim mədəniyyət mərkəzidir. 30 illik təcavüz nəticəsində maddi mədəniyyət abidələrimizin dağıdılması, talan edilməsi, mənimsənilməsi, təyinatının dəyişdirilməsi kimi vandallığa da imza atdılar”.
“Ermənistanın beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi üçün Türkiyə bizimlə birlikdə hansı addımları atacaq?” sualını türkiyəli deputat belə cavablandırıb:
“Azərbaycan Prezidenti çıxışlarından birində dedi ki, bizim məzarlarımızı belə traktorla yerlə-yeksan etdilər. Əlbəttə, bunları bərpa etmək sadə bir proses deyil. İşğalçılar bütün mədəniyyət abidələrini darmadağın ediblər. Təbii ki, bu əməllərə görə beynəlxalq müstəvidə Ermənistana qarşı təzminat davaları açılmalıdır. Hazırda bu məsələlər Azərbaycan tərəfindən araşdırılır.
İlham Əliyev hər dəfə çıxışlarında da deyir ki, Azərbaycan xalqı bütün bunları unutmayacaq. Çünki Ermənistan işğalçı qüvvələri yüz minlərlə insanı yurd-yuvalarından didərgin salmaqla, qətliamlar törətməklə yanaşı, onların mədəni irsini yox etməyə çalışıb. Bu vandalizmin hesabı mütləq soruşulacaq.
Biz də türkiyəli millət vəkilləri olaraq bu məsələlərin beynəlxalq müstəviyə çıxarılması üçün azərbaycanlı həmkarlarımız ilə əməkdaşlıq edəcəyik.
Biz Türkiyə və Azərbaycan olaraq birlik ruhumuzu, həmrəyliyimizi daha da gücləndirməliyik. Çünki erməni lobbisi də güclü və boş dayanmayacaq. Biz də dünyada gedən proseslərə uyğun hərəkət etməliyik. Parlamentdə İnsan Haqları komissiyamız bir alt komitə yaradıb.
Ermənistanın raket zərbələri nəticəsində Gəncədə, Bərdədə və digər yaşayış məntəqələrində dinc əhalinin öldürülməsi ilə bağlı bu komitənin üzvü olan əməkdaşlarımız da araşdırmalara başlayacaqlar”.
Şamil Ayrım Azərbaycanın böyük zəfərinin regiona hansı vədlər verəcəyini xüsusi vurğulayıb:
''İlham Əliyev həm ölkə başçısı, həm də Ali Baş Komandan, xalqın ona inamından qüdrət alan bir dövlət şəxsiyyəti olaraq bütün prosesləri ən doğru şəkildə idarə etməklə güclü bir liderlik nümunəsi göstərdi. Bu tarixi zəfərdən sonra da görüləcək çox işlərimiz var. Azərbaycanın bu zəfəri bölgədə sabitlik, inkişaf və əməkdaşlıq üçün mühüm töhfə olacaq''.
''Türkiyə və Azərbaycan regionda daha da qüdrətlənəcək. Yeni meqalayihələr reallaşaq. Regionda indiyədək işğalçı siyasəti üzündən özünü təcrid vəziyyətinə salmış Ermənistan bu proseslərdən sonra ağlını başına toplasa, şərtlərə əməl etsə, bu əməkdaşlıq prosesinə qoşula bilər, Türkiyə sərhədləri onlara da açar”.
Ağanisə Sultan, Bizim Media
- A-
- A
- A+
Siyasət
13:29 / 28.12.2020
Şamil Ayrım: “Bu vandalizmin hesabı ermənilərdən mütləq soruşulacaq”
Hazırda oxunan: Şamil Ayrım: “Bu vandalizmin hesabı ermənilərdən mütləq soruşulacaq”
Hazırda oxunan: Şamil Ayrım: “Bu vandalizmin hesabı ermənilərdən mütləq soruşulacaq”
6630
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.