“Ukrayna ilə danışıqlar ağır, ləng gedir, lakin Rusiya səmimi şəkildə sülhə mümkün qədər tez gəlməyə çalışır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya nümayəndə heyətinin rəhbəri, prezidentin köməkçisi Vladimir Medinski çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın NATO-nun hücum etmək üçün döyüş bazası (plaçdarm) olmayan sülhsevər və neytral dövlətə çevrilməsinin tərəfdarıdır.
"Əlbəttə, biz istərdik ki, hər şey daha tez baş versin. Bu, Rusiya tərəfinin səmimi istəyidir. Biz mümkün qədər tez sülhə gəlmək istəyirik", - Medinski bildirib.
“Danışıqlar qrupunun əsas vəzifəsi çoxlu sayda mürəkkəb məsələlər arasında razılaşa biləcəyimiz məsələləri tapmaq, onlara arxalanmaq, ümumi məsələləri gündəmə gətirmək və beləliklə, tədricən, addım-addım nəticəyə doğru irəliləməkdir. Sülhün əldə olunması xalqlarımıza yaraşacaq”, - deyə o vurğulayıb.
Medinski qeyd edib ki, danışıqlar prosesində yaranan çətinliklərə diqqət yetirmək istəməzdi.
“İnanın ki, dövlətimizin arzusu və prezidentin qarşıya qoyduğu vəzifə Ukrayna torpağında sülhə nail olmaqdır. Bu, sülhsevər, neytral, bizə qarşı dost dövlətdir, NATO-nun forpostu, ölkəmizə zərər vurmaq istəyən qüvvələrdən deyil”, - deyə o, əlavə edib.
Medinskinin sözlərinə görə, Kiyev danışıqlarda Ukraynaya Avstriya və ya İsveç variantını yaratmağı təklif edir.
"Ukraynanın neytral statusunun qorunub saxlanılması və inkişafı, Ukraynanın demilitarizasiyası, Ukrayna ordusu ilə bağlı bir sıra məsələlər müzakirə olunur. Ukrayna Avstriya və İsveçdə olan versiyanı (nüvə silahından azad əraziyə çevrilmək) təklif edir, lakin eyni zamanda öz ordusuna və dəniz qüvvələrinə malik ola bilər. Bütün bu məsələlər Rusiya və Ukraynanın Müdafiə nazirliklərinin rəhbərləri səviyyəsində müzakirə olunur”, - Medinski bildirib.
Rusiya nümayəndə heyətinin rəhbəri xatırladıb ki, “Ukrayna indi də neytral statusa malikdir”.
“Məhz neytrallıq şərti ilə Ukrayna 1991-ci ildə Sovet İttifaqından çıxıb və bu neytrallıq Ukraynanın Suverenlik Bəyannaməsində yazılıb”, - o vurğulayıb.
“Əlbəttə, bizim üçün əsas məsələ Krımın və Donbasın statusu, eləcə də bir sıra humanitar məsələlər, o cümlədən denazifikasiya, rusdilli əhalinin hüquqları və rus dilinin statusudur”. Medinski əlavə edib.
Martın 14-də Medinski Rusiya-Ukrayna danışıqlarının hər gün videokonfrans vasitəsilə həyata keçirildiyini açıqlayıb.
"Bu format pula qənaət edir. Biz Putinin qarşıya qoyduğu vəzifələri yerinə yetirmək, Rusiyanın dinc gələcəyi naminə mümkün olan hər şeyi etməyə çalışırıq", - Medinski Teleqram kanalında yazıb.
Xatırladaq ki, Rusiya-Ukrayna danışıqlarının birinci raundu fevralın 28-də Belarusda baş tutub.
Bizim.Media