Ramiz Rövşən və Rafiq Əliyevdən Rüstəm İbrahimbəyov haqqında MARAQLI FİKİRLƏR 

Ramiz Rövşən və Rafiq Əliyevdən Rüstəm İbrahimbəyov haqqında MARAQLI FİKİRLƏR 

Hazırda oxunan: Ramiz Rövşən və Rafiq Əliyevdən Rüstəm İbrahimbəyov haqqında MARAQLI FİKİRLƏR 

65170

“Rüstəm İbrahimbəyov Bakı məhələlərinin Bakı həyətlərinin nəğməkarı idi. Bakının havası Rüstəmin yazılarına hopmuşdu. Eyni zamanda Rüstəm Bakının bağrının başından qopmuş, Bakı məhləsində böyümüş bir adamın dünya mədəniyyətinə nə qədər qovuşa bilməsinin canlı sübutu idi”.

Bu fikirləri Bizim Media-ya açıqlamasında Xalq şairi Ramiz Rövşən deyib.

Ramiz Rövşən 53 illik dostu ilə vidalaşmağın ağırlığını vurğulayıb:

“Bir dəfə “Ziyalılar forumu”nda mən bir ifadə işlətdim ki, yazıçı, ziyalı hakim deyil, həkimdir. Orada Rüstəm mənim sözümə düzəliş verərək dedi ki, “Bəlkə həkim də deyil ağrıdır”. Yəni yazıçı, sənətkar cəmiyyətin ağrıyan yerlərini göstərməlidir. 
 

Rüstəm Azərbaycan kinosunda neorealizmin şah əsərlərindən biri ilə başladı. “Bir cənub şəhərində”, “Bizim Cəbiş müəllim” bunlar Azərbaycan kinosunun zirvə əsərləri idi. Rüstəmin yaradıcılığının sonrakı dövrü “Ad günü”, “İstintaq” və başqa filmlərini misal çəkmək olar.


Rüstəm, rusdilli idi. Bir çox əsərlərini rus dilində yazmışdı. Amma rus dilində yazıb, çox milli olmaq mümkündür. Yəni millilik forma deyil. Millilik münasibətdir. Rüstəmin yazılarında o münasibət həmişə var idi. “Sonrakı filmlərində də “Səhranın bəyaz günəşi”ndən başlayıb, “Günəşdən usanmışlar”a qədər nə qədər rəngarəng əsərlər yaratdı. Rüstəm İbrahimbəyov intibah dövrünün adamlarına bənzəyirdi. Eyni zamanda Rüstəm kibernetik, mühəndis idi. Mühəndislik, konstruktivlik, qurmaq-yaratmaq Rüstəmin əsərlərində də var idi. Mən, Rüstəmlə 1969-cu ildən dostam. Rüstəmin simasında biz bütün mənalarda əzizimizi itirdik. Rüstəmin yeri hər zaman görünəcək. Onun gördüyü işlərin mahiyyəti ildən-ilə daha da artacaq”.

Rafiq Əliyev Texnika elmləri doktoru, alim


“Deyirlər əvəzolunmaz insan yoxdur. Mən bu müddəa ilə razı deyiləm. Elə insanlar var ki, onlar dünyasını dəyişəndən sonra yerləri boş qalır. Belə insanlardan biri mənim əziz dostum, qardaşım Rüstəm İbrahimbəyov idi.

Mənim Rüstəmlə tanışlığım təxminən 55 il əvvələ dayanır. Özü də Rüstəmin əsas sənəti yazıçılıq, kinorejissorluq deyildi. Onun əsas sənəti mühəndislik idi. Kibernetika sahəsində onun çox mühüm işləri var idi. Biz bir yerdə SSRİ Elmlər Akademiyasında aspirant olmuşduq. O zamandan tanışıq. Yazılarımın birində qeyd etdim ki, nə yaxşı Rüstəm bu sahəyə gəldi. Çunki mən ikinci bir yazıçı, ssenarist tanımıram ki, eyni zamanda, eyni gündə 40 teatrda pyesləri oynanılsın.

Mən dünyanın heç bir yerində bunu görməmişəm. Rüstəm çox məhsuldar, intellektual, güclü adam idi.

Yəqin bilirsiniz ki, kosmanavtlar uçmazdan qabaq Rüstəmin “Səhranın bəyaz günəşi” filminə baxırlar. Kaş ki, 5-10-15 ildən bir Azərbaycana Oskar gələydi. Amma Oskar”ın da pioneri mənim əziz dostum Rüstəm oldu. Rüstəm İbrahimbəyov seçilmiş, sadiq, sədaqətli adam idi. Azərbaycanı dünyada təmsil edən, tanıdan insanlardan biri idi. Belə böyük, dahi insanları heç kim zirvəyə qaldırmır. Onlar zirvəyə özləri qalxırlar. Özləri zirvəni fəth edirlər. Rüstəmin böyüklüyü, ucalığı onun sadəliyi qədərdir”

Ülviyyə Həsənqızı Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO