Ailə büdcəsi, məsuliyyət, qayda-qanun və böhrandan qurtuluş tələb edir. Ailə üzvlərinin xərclərini gəlirlərinə uyğun planlaşdırmaq sağlam yaşayış və həyatın müəyyən pillələrində yer almaq üçün bu büdcə çox vacibdir. Xərclərə nəzarət etmək və büdcəni düzgün idarə etmək isə ailəyə yardımçı olmaqdır. Təbii ki, hər kəs qənaət məsələsində eyni davranışı sərgiləmir və puldan istifadədə fərqli düşüncələrə malikdir.
Amma nədənsə, ailə büdcəsini daha çox dağıdanların qadınlar olduğu barədə ictimaiyyətdə yekdil fikir formalaşıb. Əksər qadınların fikrincə, kişilər daha israfçı və gəliri sağa-sola xərcləyəndirlər. Hətta qənaəti sevən qadınlar bu cür israfçı kişilər ucbatından ailənin ümumi problemini həll etməkdə aciz qaldıqlarını dilə gətirirlər. Bəzən də bu məsələdə daha çox qadınlar qınalır və ailə büdcəsini dağıtmaqda ən çox zərif cinsin nümayəndələri sorğulanır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda klassik BOŞANMA SƏBƏBLƏRİ - “Qız yekəbaş, oğlan avara idi”
Maraqlıdır, kimlər xərclərini gəlirə uyğun planlaşdırır?
Məsələ mübahisə mövzusu olduğu üçün sosial mediada sorğu keçirmək qərarına gəldik. Sorğuya verilən cavablarda kişilər qadınların, qadınlar isə kişilərin daha çox pul xərclədiklərini qeyd ediblər. Bəzi şərhlərdə qadınların xərclərinin kişi ilə müqayisədə daha çox olduğu vurğulanıb.
Sorğumuza verilən maraqlı cavabları təqdim edirik:
Samir Fətullayev: “Qadın ya da kişi fərq etməz, insana gorə dəyişir. Elə qadın var yıgımcıldı, eləsı var dagıdan... Kişilərdə də həmçinin. Subaylıq dövründə bir yaşa qədər pulu dağıdırsan, evlilikdə isə nəsə yığmağa çalışırsan. Yox qadın bu ərəfədə dağıdırsa, Allah ozu komək olsun. Amma qadınlar daha cox pul xərcləyir. Baxım, makiyaj, estetik bir sozlə qadınların gözəl görünməsinin 2/3 hissəsi puldan ibarətdir”.
Cavid Abbasov: “İndiki zamanda “eşşək” kimi işləyən kişi, “krisa” kimi də qadın lazımdır. Yoxsa büdcə zad olmaz”.
Firuzə Rüstəmova: “Bizdə büdcə mənim əlimdədi. Hələ heç kim şikayət etmir. Başqasında olsa, məhv olar”.
Aynur Xəlil: “Hansi büdcədən danışırsız? Bu ölkədə qadın və ya kişi evinə nə qədər gəlir gətirə bilir ki? O gəlir ailə üzvlərinin ehtiyaclarını ödəmək üçün kifayət edir ki?”
Əsmər Kərimova: “Bizim ailədə yalnız yoldaşım işləyir və pulu yığır. Lazım olanda istəyirəm və verir. Amma bədxərclik eləmirik. Ev almalıyıq deyə yığmalıyıq. Yoldaşım uşağa hər nə lazmdır alır. Deyir qoy korluq cəkməsin”.
Arzu Vəliyeva: “Hər ailənin bir bədxərci olur. Məsələn, ailə tanıyıram ki, qadın sırf göstəriş olsun deyə ancaq bədxərclik edir. Amma bilirsən ki imkanları o səviyyədə deyil. Bəzən də kişilər bədxərclik edir. Siqaret, içki dostlarla tez tez görüş, bunlar büdcəyə ziyan edir. Bizdə evin pulu məndə olur, artıq xərc olmasın deyə hər şeyi normada edirəm”.
Məsumə Yusubova: “Mən israfın tərəfdarı deyiləm. Hətta bəzən özümə belə qıymıram. Yoldaşıma da çox pul xərcləməsini qoymuram. Sadəcə kənara atmağın tərəfdarıyam. Özü də arada deyir ki, bizdən qənaətcil çıxmaz. Bəzən də pulları xərcləyirik və sabahı düşünmürük. Sonra da maaşa qədər gözləyirik”.
Vəsilə Zeynalova: “Hər iki tərəfdən bəd xərc olanlar var. Bu ümumi ölçülmür. Ailə tanıyıram arvad ərin bütün qazacını nəsil kökünə dağıtmışdı. Kişi qəfil işdən çıxdı və ac qaldılar. Amma arvad elə xərcləyirdi ki, hamı elə bilirdi altlarında milyon var. Ailə də tanıyıram arvad işləyir qazanır, kişi piyvəxanalardan yığışmır”.
Cavablardan da məlum olur ki, ailələrə görə gəlir, xərclər, ehtiyaclar və məsrəflər fərqlidir. Ekspertlər hesab edir ki, xərcləri daim qeyd etmək büdcənin təxminən 20% və ya daha çoxunu xilas etmək deməkdir. Bu vərdişə çevrilərsə, ailə büdcəsini doğru yönəltmək daha asanlaşır.
Alçina Amilqızı, Bizim.Media