“Avtovağzallar boş qalıb, qanunsuz sərnişin daşıyanlar isə meydan sulayır”.
Bizim.Media xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı “Facebook” hesabında qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Amnistiya GƏLİR – Vətəndaşların BU CƏRİMƏLƏRİ silinəcək
Onun sözlərinə görə pandemiyanın ağır dövründə yüzlərlə korona xəstəsi avtovağzaldan yox, kənardakı maşınlardan istifadə edərək səfər edir:
“Çünki gizli yolla işləyən maşınların sürücüləri heç kimdən COVİD pasportu tələb etmir, pulunu ver, kef elə. Siz də xəstə-sağlam demədən onların arasında olub yoluxmaq istəmirsinizsə, qanuni sərnişindaşımadan istifadə edin, avtovağzallara gedin, ucuz, rahat və təhlükəsiz hərəkət edin”.
Ekspert qanunsuz sərnişindaşıma ilə bağlı ciddi siqnal da verib:
“İnanın ki, avtovağzaldan kənar hərəkət edən maşınların sürücüləri arasında patı-şüşə kimi narkotik maddələrdən istifadə edənlər də var. Çünki o zəhəri qəbul edənlərin yuxusu qaçır, o da bir gündə 3 dəfə reysə çıxa bilir. Həyatınızı belə insanlara həvalə etməyin!”, - deyə Elməddin Muradlı bildirib.
Qeyd edək ki, rayonlara işləyən taksilərin əksəriyyətinin lisenziyası yoxdur. Bu fəaliyyətdən istifadə edən taksi sürücüləri birmənalı şəkildə fərqlənmə nişanı əldə edərək, sərnişin daşınmasına izin almalıdılar.
Xatırladaq ki, Dövlət Yol Polisi ilə Dövlət Avtomobil nəqliyyat Xidməti arasında şəhərlərarası qanunsuz sərnişindaşıma ilə bağlı protokol imzalanıb. Müvafiq protokola uyğun olaraq, aiddiyyatı qurumlar qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı mübarizə aparmalıdırlar.
Alçina Amilqızı, Bizim.Media