Qeydiyyatı ləğv olunub

Qeydiyyatı ləğv olunub "havada qalanların" NƏZƏRİNƏ - DİN aydınlıq gətirdi

Hazırda oxunan: Qeydiyyatı ləğv olunub "havada qalanların" NƏZƏRİNƏ - DİN aydınlıq gətirdi

60412

Son müddətdə yerli polis idarələrində müvəqqəti yaşayış qeydiyyatına alınmış vətəndaşların kütləvi şəkildə qeydiyyatının ləğvi ilə bağlı narazılıqlar yaranıb.

“Polis idarəsində qeydiyyatda idim. Amma indi çıxarılmışam. Heç bir yerdə qeydiyyatda deyiləm, havada qalmışam”. 
 

MÖVZU İLƏ BAĞLI:

Amnistiya GƏLİR – Vətəndaşların BU CƏRİMƏLƏRİ silinəcək


Bu sözləri Bizim.Media-ya adının çəkilməsini istəməyən narazı şəxslərdən biri deyib.

Onun sözlərinə görə, vəsiqəsi aktiv olmadığı üçün vaksin oluna da bilmir. Digər vətəndaş, Məcidova Arzu isə qeydiyyatdan çıxarıldığı üçün artıq iş yerində problem yaşadığını dilə gətirib.

Bizim.Media DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovdan məsələ ilə bağlı mövqe alıb.

Nazirlik rəsmisi bildirir ki, qeydiyyatın ləğv olunması vətəndaş qeydiyyatı uçotunun dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədi ilə edilib:

“Vətəndaşların polisin inzibati binalarından müvəqqəti qeydiyyatdan çıxarılaraq, onların faktiki yaşayış yeri üzrə qeydiyyata salınması, ilk növbədə, həmin şəxslərin özləri üçün çox vacib olan hüquqi prosedurdur. 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kimi digər kateqoriyadan olan şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar.
 

Hazırkı araşdırmalar göstərir ki, ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərə, mənzillərə köçsələr də, polisin inzibati binalarından qeydiyyatdan çıxarılmayıb və ya bu barədə polis orqanlarına məlumat verilməyib.


Bu hüquqi proseduru zəruri edən səbəblərdən biri də hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərdə inzibati binalarda qeydiyyatda olan şəxslərlə bağlı digər dövlət qurumlarından polis orqanlarına sorğular daxil olduqda həmin şəxsləri tapılmasında çətinliyinin yaranmasıdır”.

Ehsan Zahidov həmçinin qeyd edib ki, bu kateqoriyadan olan vətəndaşların faktiki yaşayış yerlərinin və ya başqa ünvana qeydiyyata düşməyə imkanlarının olub-olmaması araşdırılır:

“Şəxsin faktiki yaşayış yeri və ya başqa ünvana qeydiyyata düşmək imkanı varsa, o polisin inzibati binasından qeydiyyatdan çıxarılaraq olduğu yer üzrə qeydiyyata alınır. Bu prosedurun icrası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna uyğun şəkildə təmin edilir”.

Nazirlik rəsmiləri həmçinin əlavə edib ki, heç bir yerdə qeydiyyata düşmək imkanı olmayan vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis idarəsinə müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrarən baxılması mümkündür.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO