“Dövlət rəsmisin açıqlamasında önəmli bir detal var: Vergilərini ödəyən şəxslərdə kapital və əmlak amnistiyasının olacağı ehtimalı qeyd olunub. Əslində Azərbaycanda biznesin və kapitalın “ağardılması”nın zamanının yetişdiyini dəfələrlə gündəmə gətirən şəxslərdən biri kimi deyə bilərəm ki, daha geniş anlamda bu məsələlərin həllinə ehtiyac var. Hətta geniş bir proqram qəbul olunub, maliyyə amnistiyasının elan olunmasına da ehtiyac var”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
MÖVZU İLƏ BAĞLI:
Əmlak amnistiyası GƏLİR – “Kimin nəyi varsa, ortalığa çıxacaq”
Belə ki, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Mustafayevanın “vergi ödəyicilərinə kapital və əmlak amnistiyası tətbiq ediləcək” – açıqlamasını şərh edən ekspert sözügedən addımın əhəmiyyətinə diqqət çəkib:
“Azərbaycanda ilkin kapital yığımı, onun leqallaşması, kölgə iqtdisadiyyatının həcmi illərdir çox yüksək səviyyədə olub. Və indi kölgə iqtisadiyyatının leqallaşması, maliyyə amnistiyasının elan olunması ölkədə iqtisadi fəaliyyətin normallaşmasına və yeni investisiya imkanlarının yaranmasına səbbə ola bilər”.
Lakin...
Buna baxmayaraq Natiq Cəfərli qeyd edib ki, görüləcək tədbilərin daha genişmiqyaslı olması vacib şərtdir:
“Bu, istiqamət, düşüncə olaraq doğru olsa da, bunun tətbiqinə və geniş çaplı maliyyə amnistiyasının elan olunmasına ehtiyac var. Bura həm bu günə qədər bəyan olunmamış maliyyə vəsaitlərinin, həm də daşınar-daşınmaz əmlakın əlavə edilməsi vacibdir. Həm maliyyə amnisitiyasından yararlanacaq şəxslərə vergi tətbiq etməklə vəsaitlərinin leqallaşması (müəyyən ödəmələri həyata keçirdikdən sonra həmin əllərində qalan vəsaitin leqal bir vəsaitə çevrilməsi) və investisiyalarda istifadə olunması daha doğru bir addım olardı.
Ekspert əvvəlki uğursuzluqlardan dərs çıxarmağın önəmini də xatırladıb:
“Maliyyə və əmlak amnistiyasının elan olunması bundan öncə də cəhdlər oldu, lakin uğursuz alındı. Çünki bu genişmiqyaslı və hüquqi cəhətdən qorunaqlı olmadığına görə çox az insan bundan istifadə etdi.
Ona görə də, düşüncə və istiqamət olaraq amnistiya doğru olsa da, bunu genişləndirərək böyük dövlət proqramına çevirmək olar. Maliyyə amnistiyası adı altında həm maliyyə, həm kapital, həm də daşınar, daşınmaz əmlakların leqallaşdırılmasına, ölkədə yeni səhifənin açılmasına imkan yaratmaq lazımdır”.
Murad Əhmədov, Bizim.Media