Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasındakı çıxışı zamanı danimarkalı Maykl Jensenin “Monitorinq prosedurunun təkamülü” ilə bağlı qətnamə layihəsini tənqid edib.
Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bu, Azərbaycana qarşı açıq-aşkar birtərəfli yanaşmadır.
“Memorandumun “Dağlıq Qarabağ münaqişəsi” başlıqlı 2.6-cı bəndində bugünkü reallığı əks etdirməyən son dərəcə ziddiyyətli məlumatlar yer alır. Bu da sənəd müəllifinin Avropa Şurası üçün belə vacib məsələyə açıq-aşkar birtərəfli yanaşmasından xəbər verir”, deyə Slutski qeyd edib.
Siyasətçi əlavə edib ki, qətnamədə həll edilmiş Dağlıq Qarabağ münaqişəsinə istinad edən N3 bəndi var:
“Bu da noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra regionda yaranmış və münaqişəyə son qoyan yeni reallıqları əks etdirmir. Mən fəxr edirəm ki, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi iştirak edib. Keçmiş həmkarımız, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı keçmiş rəhbəri, indi isə dövlət başçısı cənab İlham Əliyevi bu yaxınlarda 60 illik yubileyi münasibətilə bir daha təbrik etmək istəyirəm. O, ölkədəki vəziyyətin Avropa Şurasının yüksək standartlarına uyğun olması üçün hər şeyi edir. Qətnamədəki bu qeyri-dəqiqliklərə diqqətlə baxmağı və onların aradan qaldırılması üçün müvafiq qərarlar qəbul etməyi təklif edirəm”.
Qeyd edək ki, Rusiya siyasi elitasının ən parlaq nümayəndələrindən biri olan Leonid Eduardoviç Slutski Azərbaycanın ərazi bütövlüyünün qorunmasında ədalətli mövqeyini ardıcıl olaraq dəstəkləyir.
Rusiyalı siyasətçi Dövlət Dumasının beynəlxalq komitəsinin rəhbəri olduğu müddətdə nüfuzlu beynəlxalq təşkilatların tribunasından rəsmi Bakıya qarşı ikili standartlar siyasətini əks etdirib, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın genişlənməsinə və möhkəmlənməsinə töhfə verib.
Bizim.Media