Cidanı çuvalda gizlətməyə çalışanlar... MEDİA-mızın növbəsinə necə düşək?

Cidanı çuvalda gizlətməyə çalışanlar... MEDİA-mızın növbəsinə necə düşək?

Hazırda oxunan: Cidanı çuvalda gizlətməyə çalışanlar... MEDİA-mızın növbəsinə necə düşək?

56426

Yaxşı olmaq asandır, önəmli və daha çətin olan isə ədalətli olmağı bacarmaqdır. Məşhur fransız ədibi Viktor Hüqonun bu sözləri təkcə öz dövründə yox, elə günü bu gün də aktuallığını qoruyur. Təəssüf doğuran əsas məsələ isə, üzərindən iki əsr keçməsinə rəğmən MEDİA nümayəndələri olaraq hələ də bu fikirlərdən dərs çıxara bilməməyimizdir. 

32 il əvvəl azadlığımız və müstəqilliyimiz uğrunda canlarını qurban verən şəhidlərimizi yad etdikdən sonra bu gün yenidən iş başındayıq və gündəmə qayıtmışıq. 

Mövzuya Viktor Hüqo ilə başlamağın ağır məsuliyyəti altında bizi ədalət axtarışına vadar edən səbəblərə qısaca toxunmaq istəyirəm. Söhbət MEDİAmız tərəfindən bir müddət öncə başlanan informasiya resurslarına dəstək layihəsindən gedir. 

İlk öncə layihənin qalibi olan həmkarlarımızı səmimi qəlbən təbrik edir, hər biri media məkanında öz sözünü demiş peşəkar jurnalist kollektivinə uğurlar arzu edirik. Ən böyük arzumuz isə heç şübhəsiz ki, bu uğurların gələcəkdə də davam etməsi, MEDİAmızın səadətinin kimlərinsə ümidinə və şəxsi seçiminə qalmamasıdır. 
 

Maraqlısı odur ki, sanki kimsə bizləri Frans Kafkanın “Məhkəmə” əsərindəki kimi etmədiyimiz cinayətə görə, bilmədiyimiz qanunlarla yarğılamağa çalışır.


Artıq ikinci dəfəfdir ki, layihə qaliblərinin hansı meyarlar əsas alınaraq müəyyən olunduğu barədə məlumat verilmir. Bəzilərinin bizim üçün yaratdığı bu “kafkavari” dünyanın mexanizmlərinin nələr olduğu isə müəmmalıdır. 

Bu gün MEDİAmızın fəaliyyəti və qiymətləndirilməsi qapalı qapıları arxasında bilmədiyimiz meyarlara görə müəyyən olunacaqdısa, o zaman bizdən istənilən göstəricilər hansı məqsədə xidmət edirdi? Əgər xidmət edirdisə, bu meyarlar bizimlə niyə paylaşılmır, nöqsanlarımız və ya uğurlarımız niyə bizimlə bölüşülmür? Düşünürəm ki, olduqca müsbət təsir bağışlayan layihənin taleyi də deyəsən özündən əvvəlki qurumun layihələrinə bənzəməyə başlayır.

«Səfər» təəssüratı oyadan əvvəlki qurum ləğv olunanda və orada baş verən “pərdəarxası məqamlar” ortaya çıxanda hər kəs heç nəyin əvvəlki kimi olmayacağına inandı. Məgər tələsmişikmi? Bəlkə optimizmimiz gözümüzü o qədər qamaşdırıb ki, içərisinə düşüdüyümüz pessimizm quyusundan xəbərsiz olmuşuq? 

Yoxsa Vüqar Səfərli adlı matryoşkanın içərisindən fərqli bir şeyin çıxacağına inanmışıq? 

Alman filosofu Fridrix Niçe düşüncəsini dəyişdirməyən insanları dərilərini dəyişdirməyən ilanla müqayisə edir. Hər ikisinin də mümkün olmadığı dünyada köhnəlmiş yanaşmanı yaşatmağın nə mənası var axı? İnformasiya resursları üçün daha rəqabətli mühit yaratmaq əvəzinə, onları taleyin ümidinə buraxmaq, oxu atıb yayı gizlətmək nə dərəcədə doğrudur? Və ən əsası rəqəmsal dünyanın astanasında mediaya qarşı hələ də bu cür yanaşma sərgiləməyin adı nədir? 
 

Suallarımız çoxdur, lakin nə bir cavabımız var, nə də təsəllimiz. Bu mənzərə bizə hardansa tanış gəlir axı.


MEDİAmızın növbəliliyi tərənnüm edən yanaşmasını deyəsən hələ də uzun müddət yaddaşlardan silə bilməyəcəyik.

O zaman icazə verin sual verim, bizim növbəmiz nə vaxtdır? Dünən yaxşı, bu gün pis olmağımızın səbəblərini bilmək haqqımız yoxdurmu? Bəlkə saytlarımızın dizaynı sizi qane etmir, meyar kimi müəyyən etdiyiniz formaya uyğun gəlmirik? Bu cür qapalı meyarlarla “Waşinqton Times”-ın belə sizləri razı salacağı şübhəlidir.

Ən maraqlısı isə odur ki, hər zaman operativliyi və şəffaflığı meyar hesab edən MEDİAmız niyəsə artıq telefon zənglərinə cavab vermir. Adi işçidən rəhbər vəzifələrə qədər sanki bütün heyət susqunluğa qərq olub. Deyəsən burda da növbəyə düşmək üçün bəxtimiz gətirməyib. İndi nə edək? Biz də “Əhməd haradadır?” deyib Bakının küçələrinə düşək?

Bir daha xatırlatmaq istəyirəm ki, biz jurnalist dostlarımıza görə çox sevinir və onları səmimi qəlbən təbrik edirik! Onların hər biri öz işinin peşəkarı olan və bu uğura laiq olan insanlardır. Onlar çiyin-çiyinə Şuşaya səfər etdiyimiz, ortaq dəyərləri bölüşdüyümüz və ortaq amallar uğrunda mübarizə apardığımız ləyaqətli insanlardır. Ancaq istəmirik ki, onların əzmkarlığı növbəti dəfə kimlərinsə növbəlilik məntiqinin kölgəsində qalsın. 

Arzum odur ki, gecəsini gündüzünə qatıb xəbər arxasınca qaçan həmkarlarım növbə səadətinə möhtac qalmasın.

Anar Tahirov, Bizim Media-nın Baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO