Xalqımız 32 ildir ki, o müdhiş 20 YANVAR gecəsini xatırlayır

Xalqımız 32 ildir ki, o müdhiş 20 YANVAR gecəsini xatırlayır

Hazırda oxunan: Xalqımız 32 ildir ki, o müdhiş 20 YANVAR gecəsini xatırlayır

56255

Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 32 il keçir.

Bizim.Media bildirir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib.

Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.

1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.

Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.

Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.

Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.

Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı öz şəhidlərini heç zaman unutmayacaq, onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO