Son günlərdə Qazaxıstanda baş verən etirazlarda siyasi motivlərin əsas yer tutması ehtimalları ciddi şəkildə müzakirə mövzusuna çevrilib. Xüsusilə də, əksər siyasi şərhçilər baş verənlərin Türk Birliyinə qarşı yönəlməsi iddialarını ön plana çıxarırlar. Buna səbəb kimi isə, Qazaxıstanın Türkiyədən sonra ikinci böyük türk dövləti olması, eyni zamanda ölkənin son illərdə digər türk dövlətləri ilə inteqrasiyaya xüsusi diqqət ayırması göstərilir.
Bəs, bu ehtimalların doğruluq payı nə qədərdir? Həqiqətənmi xarici qüvvələr Türk Birliyinə qarşı mübarizə aparmaq üçün bu cür yola əl atıblar?
Suallarımızı Bizim.Media-ya verdiyi müsahibəsində cavablandıran millət vəkili Fazil Mustafanın fikrincə, Qazaxıstandakı proseslərin bu cür inkişaf etməsində xarici qüvvələrin rolunun hiss olunur:
MÖVZU İLƏ BAĞLI:
Tokayevdən təbii qazla bağlı SƏRƏNCAM: 6 ay qiymət qalxmayacaq
“Bu cür ehtimallar müəyyən dərəcədə real əsaslara sahib ola bilər. Çünki Qazaxıstan elə bir həssas bölgədir ki, orada bütün bu məsələlərin təməl əsasları mövcuddur. Bu səbəbdən də, belə proseslərin baş verməsi gözləniləndir. Lakin Qazaxıstan kifayət qədər sabit dövlət idi. Birdən-birə hadisələrin bu cür qızışması yanacaq qiymətinin artması ilə bağlı deyil. Çünki hökumət də məsələ ilə bağlı kifayət qədər reaksiya bildirdi və addımlar atdı.
Hər hansı şəkildə hadisənin bu qədər kritik həddə çatması səbəbsiz deyil. Görünür ki, hansısa xarici qüvvənin bu məsələdə rolu hiss olunmaqdadır”.
Millət vəkili Qazaxıstanda baş verənlərin digər ölkələr üçün də ciddi bir siqnal olduğuna diqqət çəkib:
“Ümid edirəm ki, Qazaxıstan hökuməti bu proseslərin qarşısını ala biləcək. Hər halda baş verənlər ciddi bir siqnaldır. Bütün ölkələrdə məsələ ilə bağlı müvafiq tədbirlərin görülməsi vacibdir. Çünki müəyyən dərəcədə kənardan idarə olunan proses kimi bu, ölkələrin gələcəyi ilə bağlı da narahatlıq elementlərini özündə ehtiva edir. Yəni sözügedən məsələdə cəmiyyətlər daha həssas olmalıdırlar ki, qazanılmış müəyyən uğurları bu cür asanlıqla itirmək mümkün olmasın”.
Fazil Mustafanın fikrincə, Qazaxıstan hökumətinin atdığı addımlar sakitliyin təmin olunması üçün yetərincədir. “Əgər sabitlik təmin olunmursa, deməli proseslərdə başqa qaynaqların əli var”, - deyə deputat bildirib.
- Fazil müəllim, həmin xarici qaynaqların kim olması ilə bağlı hər hansı ehtimallarınız varmı?
“Hər halda bunu birbaşa söyləmək olmaz. Sosial narazılığın olması şübhəsizdir. Lakin bunun dağıntılara və siyasi narazılığa çevrilməsi artıq səbəbsiz deyil. Çünki sosial narazılıq edənlər müəyyən vaxt verirlər və tələblər yerinə yetirilmədikdə kəskin addımların atılması nəzərdə tutula bilər. Lakin hökumət tərəfindən real addımlar atıldı. Əgər etirazçılar bununla qane olmadısa, Qazaxıstanda baş verən olaylarda siyasi qaynaqlı məsələlər var”.
Murad Əhmədov, Bizim.Media