Bu gün Bakıda Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirdə rapid üzrə 2-ci və 3-cü turlar oynanılıb.
Bizim.Media xəbər verir ki, nəticələrə görə, amerikalı Fabiano Karuana 8 xalla vahid liderdir. Bu gün Karuana Rauf Məmmədovu (2:0) və macar Riçard Rapportu (2:1) məğlub edib.
Rapportun 7 xalı var və 2-ci yeri tutur.
Rusiyalı Sergey Karjakin, Rauf Məmmədov və Şəhriyar Məmmədyarovun hərəyə 5 xalı var. Karuana məğlub olduqdan sonra Rauf Vüqar Əsədliyə qalib gəlib (1,5:0,5). Şəhriyar da bu gün Vüqara qalib gəlib (2:1), daha sonra Karjakinə uduzub (0:2).
Çex David Navaranın 4 xalı var. Hindistanlı Vişvanatan Anand və Vüqar Əsədlinin hərəyə 1 xalı var.
Xatırladaq ki, şahmatçılar iki oyun əsasında qələbəyə görə 3 xal alırlar. Heç-heçə olduğu halda, rəqiblər qalibi müəyyən etmək üçün Armageddon oynayacaqlar. Armageddonda qələbə üçün 2 xal verilir. “Armageddon”da uduzan şahmatçı 1 xal alır.
Sürətli şahmatda ümumilikdə yeddi tur oynanılacaq. Sonra 14 blits raund olacaq. Müsabiqə dekabrın 23-də başa çatacaq.
Qalib rapid və blits üzrə toplanan xalların cəminə görə müəyyən ediləcək. Zamana nəzarət: sürətli - edilən hər bir hərəkət üçün 15 dəqiqə üstəgəl 10 saniyə; blits - 5 dəqiqə üstəgəl 3 saniyə; "Armageddon" - Ağ üçün 5 dəqiqə, Qara üçün 4 dəqiqə, 60-cı gedişdən sonra hər bir hərəkət üçün üstəgəl 3 saniyə.
Bizim.Media