2008-ci ilin bu günü, 19 noyabr tarixində Niderlandın Haaqa şəhərində “Azərbaycanın Holland Dostları” cəmiyyəti təsis edilib. Cəmiyyət nəyə xidmət edir və hazırda fəaliyyət göstərirmi?
Bizim.Media xəbər verir ki, cəmiyyət barədə internetdə 2011 və 2014-cü ilə aid xəbərlərdən başqa informasiya aşkarlanmayıb.
Belə ki, 2011-ci ilin məlumatına görə, cəmiyətin sədri olan beynəlxalq miqyaslı siyasətçi Rene Van der Linden Niderland Senatının Yuxarı Palatasının sədri seçilib.
2014-cü ildə isə “Azərbaycan Holland Dostları”nın təşəbbüsü ilə Azərbaycan xalqının şərəfinə xrizantema gülünün “Azəri” adlı yeni növü yetişdirilib.
Rene Van der Linden kimdir?
⦁ 14 dekabr 1943-cü ildə dünyaya gəlib. 78 yaşı var.
⦁ Xristian demokratları təmsil edib.
⦁ 2005-2008-ci illərdə AŞPA-nın sədri olub. Onun sədrliyi dövründə AŞPA Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib. Sonuncu məlumatı Azərbaycanın Niderlanddakı səfirliyi 2011-ci ildə yayıb.
⦁ Həm də iqtisadçıdır.
Xatırladaq ki, 2017-ci ildə Prezident İlham Əliyev Brüsseldə Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşü olub.
Müxtəlif vaxtlarda onun Azərbaycan hökuməti və xalqına təbrik məktubları da olub. Yuxarıda qeyd olunduğ kimi, o, Niderland-Azərbaycan Dostluq Qrupunun sədridir. “Azərbaycanın Holland Dostları” cəmiyyətinin rəhbərliyi uzun zamandır ki, Marion Van der Veqt və Leyla Babayevaya məxsusdur. Cəmiyyət həm də “DufoA” Assosiasiyası kimi tanınır. Bu adla axtarış verdikdə isə, internetdə bol resursla rastlaşmaq olar.
Belə ki, Marion uşaqlıqdan bəri Qafqaz xalqlarının mədəniyyətinə aşiq insandır. 2008-ci ildə Azərbaycan səfərindən sonra bu ölkəni daha da çox sevib:
“İki övlad anası olduğum üçün müharibədə nə qədər cavan insanın öldüyünü bilib üzülməyə bilmirəm. Azərbaycan 30 il münaqişəni diplomatik yollarla həll etməyə çalışıb. Lakin İrəvanın təxribatları Bakını savaşa məcbur qoyub. Azərbaycanın zəfərlə nəticələnən savaşına qatqımız “Xarı və Bülbül” kitabıdır”.
Digər fəaliyyətlərə gəlincə:
1. Haaqadakı Sülh Sarayına beynəlxalq aləmin diqqətini Xocalı soyqırımına çəkmək məqsədilə milyonlarla imza olan kitab təqdim olunub.
2. Azərbaycana aid bitkilər Hollandiyada nümayiş olunub.
3. Azərbaycanlı müğənni və musiqiçilərin iştirakı ilə 20-dən çox konsert təşkil edilib.
4. Azərbaycanlı rəssamların sərgiləri də keçirilib.
5. İncəsənət xadimlərinin iştirakı ilə 10-dan çox görüş baş tutub.
6. Çiçək və şərab festivalları...
7. Lisse şəhərində Azərbaycanın 11 icra başçısı və Niderlandın meri, nazirlik əməkdaşları ilə birgə tədbirlər...
Bundan başqa Niderlandın 63 illik parad tarixində yalnız 2010-cu ildə başqa dövlət də iştirak edib. Və bu, Azərbaycan olub.
13 ildir ki, fəaliyyət göstərən cəmiyyət Azərbaycan üçün yeni sürpriz layihələr üzərində də çalışır.
Sonda qeyd edək ki, 2020-ci il noyabrın 18-də Prezident İlham Əliyev Niderlandın Azərbaycana təyin olunan səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən Niderland parlamentinin Azərbaycan və Türkiyəyə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qərarını ədalətsiz hesab edib.
Bizim.Media