“Milli komandanın rəqibləri Avropanın tanınmış komandaları olanda azarkeş marağı daha böyük olur. Məsələn, Portuqaliya yığması ilə olan oyuna olduğu qədər Lüksemburq komandası ilə görüşə maraq yoxdur”.
Bunu Bizim.Media-ya açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bildirib.
“Amma ümid edirik ki, azarkeşlər stadiona gəlib, milli komandanı dəstəkləyəcəklər”- deyə departament rəhbəri əlavə edib.
Firuz Abdulla bildirib ki, oyunla bağlı təşkilatı məsələlər həll edilib:
“Sabah hər iki komandanın baş məşqçilərinin oyunöncəsi mətbuat konfransı və son açıq məşqləri keçiriləcək. 17.00-da Lüksemburq, 17.30-da isə Azərbaycan komandasının baş məşqçilərinin mətbuat konfransı olacaq”.
Xatırladaq ki, sabah Azərbaycan və Lüksemburq milliləri dünya çempionatının seçmə oyunları çərçivəsində görüşəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.
Xatirə, Bizim.Media